2 il öncə Cəbrayıl düşmən işğalından azad edilib
Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi, ermənilərin xeyrinə olan status-kvonun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı-BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış elədi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bununla həm Azərbaycan özünün konstitusiyasının tələbindən irəli gələn məsələni həll etmiş oldu, həm də BMT TŞ-nın kağız üzərinə qalan qətnamələrinin həyata keçməsinə nail ola bildi. Doğma torpaqlarımızı azad etməklə xalqımız şərəfli tarix yazdı.
Bu gün - oktyabrın 4-ü Azərbaycanın şanlı tarixinə qürur rəngi qatan daha bir fərəhli gündür. Azərbaycan xalqı Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümünü yaşayır. Belə ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub və bu ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb!
Sahəsi 1049 kvadrat kilometr olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il 5 yanvar tarixində uğurlu Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı isə Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Məhz həmin zaman Müzəffər Ali Baş Komandan vurğulayıb ki, düşmən bir daha cürət edib Azərbaycan torpaqlarına göz dikməyə cəhd göstərərsə dəmir yumruq yerindədir və onun başını əzəcək. Prezident İlham Əliyev onu da qeyd edib ki, şəhər və kəndlərimizi dağıdan, talan edən mənfur işğalçılar törətdikləri bütün əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar.
Onu da qeyd etmək yerinə düşərdi ki, Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.
Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də də Cəbrayıl rayonunda səfərdə olub. Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Dövlətimizin başçısı eyni zamanda, 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, ölkə rəhbəri Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.
Dövlətimizin başçısının ardıcıl olaraq işğaldan azad edilmiş bölgələrimizə səfərlər etməsi həm də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, dağıdılmış, talanlara məruz qalmış bu torpaqlarımız çox keçmədən inkişaf edən edəcək, iqtisadiyyat, turizm cəhətindən, o cümlədən, digər sahələr üzrə tərəqqi yolunu tutacaqdır.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri