Filippin və ABŞ hərbi təlim keçirir

3 Oktyabr 2022 21:17 (UTC+04:00)

Filippin və ABŞ orduları Cənubi Çin dənizindəki ani böhranlara və Tayvan gərginliyinə cavab vermək üçün 2500-dən çox əsgərlə hərbi təlimlər keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, Luzon adası ətrafında keçirilən manevrlərdə ABŞ-dan 1900, Filippin ordusundan 600-dən çox dəniz piyadası iştirak edir.

Oktyabrın 14-də başa çatacaq təlimdə ABŞ-ın HİMARS raket sistemləri və səsdən sürətli döyüş təyyarələri həqiqi atəş açıblar.

ABŞ ordusunun 3-cü dəniz piyada diviziyasının komandiri, general-mayor Cey Barqeron (Jay Bargeron) Filippindəki təlimlərin Yaponiyanın şimalındakı Hokkaydo adasında ABŞ və Yaponiya əsgərlərinin keçirdiyi təlimlərlə eyni tarixlərə düşdüyünə diqqət çəkərək deyib: “Eyni vaxtda keçirilən təlimlər ABŞ-ın müttəfiqləri Filippin və Yaponiya ilə real birgə təlimlər vasitəsilə müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Bu təlimlər Hind-Sakit okean regionunda potensial böhrana cavab verərkən qarşılıqlı fəaliyyət və hazırlıq amillərini gücləndirəcək. Təlimlər tərəflərin əməkdaşlığını artıracaq və taktiki əməliyyatlar vasitəsilə dəniz piyadalarının humanitar və təcili yardım imkanlarını təkmilləşdirəcək”.