44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın igid oğlanları 30 il ərzində işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bunun nəticəsi olaraq işğaldan azad olunan ərazilərdə yenidənqurma işlər gedir. Ölkəmizdə fəaliyyət göstərən bir sıra qurumlar və şirkətlər Qarabağ torpaqlarında bir sıra lahiyələr həyata keçirirlər. Bəs "Azərxalça" işğaldan azad olunmuş ərazilərimizdə gələcək fəaliyyət planı üçün nə kimi tədbirlərin keçirilməsini nəzərdə tutub? Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna "Azərxalça"nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xatuna Abdullayeva cavab verib.

Qurum rəsmisi qeyd edib ki, bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsas məqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini - bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir. Bu yolda bizim təbii ki, işğaldan azad olunmuş torpaqlarla bağlı plan və tədbirlərimiz genişdir.
“Azərxalça” ASC-nin hazırda Qarabağ bölgəsində Ağdam və Fizulidə emalatxanaları fəaliyyət göstərir. Ümid edirik ki, Qarabağ dirçəldikcə, əhali öz doğma yurduna geri döndükcə xalçaçılığımızın qədim ocaqlarından biri Şuşada da bizim emalatxanamız fəaliyyət göstərəcək.