“Bakıda şəhər mədəniyyəti yoxa çıxır”

1 Oktyabr 2022 21:04 (UTC+04:00)

“Bakıda şəhər mədəniyyəti anlayışı tamamilə yoxa çıxmaq üzrədir. Xüsusilə son illərdə Bakıya başlayan kütləvi axın, nəqliyyat sıxlığının fəlakətli həddə çatması, şəhərdə sanitariya qaydalarına əməl olunmaması qorxunc hal alıb.”

Bu barədə “Nəcib Jurnalistlər” İctimai Birliyi açıqlama yayıb. Qurumun rəhbəri Mətləb Salahov KİV üçün açıqlamasında qeyd edib ki, paytaxt Bakıda əhali sıxlığı çoxaldıqca, xüsusilə müxtəlif düşüncə və adət sahibi olan insanların məskunlaşması, onların şəhər mədəniyyətinə uyğunlaşa bilməməsi Bakıda şəhər mədəniyyəti anlayışını sıradan çıxarır:
“İctimai mədəniyyət, ictimai yerlərdə davranış qaydaları, yaşadığın şəhərin səliqə-sahmanını öz evindəki kimi qorumaq şəhər mədəniyyətinin yüksək göstəricisidir. Təəsüf ki, son illər bütün bu sadaladıqlarımız tamamilə silinmək üzrədir. Ötən əsrin 60-cı illərindəki şəhər mədəniyyəti indi ancaq xatirələrdə yaşanır. Bu gün Şəhər mədəniyyəti barədə əsasən gənclər arasında geniş maarifləndirmə işinə böyük ehtiyac var.”