"Ulu Tanrı Heydər Əliyevi bu xalqa xilaskar kimi bəxş etdi" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

1 Oktyabr 2022 17:24 (UTC+04:00)

"Ulu Öndərimiz Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə xalqın əksər səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi tariximizin unudulmaz qızıl səhifəsidir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siysət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xatırladıb ki, o dövr nəinki Azərbaycan üçün, dünyanın bir çox dövlətləri üçün təlatümlü, ağrılı-acılı bir dövr idi.

“Sovetlər ittifaqının dağılması dünyanın geosiyasi xəritəsində baş verən dəyişikliklər, yeni qarşıdurmalara, müharibələrə rəvac vermişdi. Torpaqlarımızın bir hissəsi erməni təcavüzkarları tərəfindən işğal edilmişdi. Ermənistanda yaşayan soydaşlarımız öz yurd-yuvalarından didərgin salınmış və Azərbaycana pənah gətirmişdilər. Milyondan çox qaçqın və köçkün ağır həyat tərzi keçirir, torpaqlar işğal edilir, şəhər və kəndlərimiz xarabazarlıqlara çevrilirdi. Digər tərəfdən, hələ də ölkədə özbaşınalıqlar aradan qaldırılmamışdı. Hakimiyyət uğrunda daxili çəkişmələr baş verir, daxili düşmənlərimiz öz çirkin əməllərini davam etdirirdilər.

Vəzirov, Mütəllibov, Xalq Cəbhəsi, Müsavat hakimiyyəti dövründə yığılıb qalmış ciddi problemlər, xüsusilə də müharibənin vurduğu yaralar, Azərbaycanın xarici aləmdən təcrid vəziyyətində olması, beynəlxalq təşkilatlarda səsimizin eşidilməməsi ölkənin vəziyyətini gündən-günə çətinləşdirirdi. Belə bir vaxtda hakimiyyətə gəlmək, prezident seçilmək və vətəni, xalqı düşdüyü ağır bəlalardan xilas etmək əlbəttə ki, böyük siyasi iradə, uzaqgörənlik, müdriklik tələb edirdi. Ancaq Ümummilli Lider Heydər Əliyev kimi cəsarətli, xalqını və vətənini həyatı qədər dəyərləndirən, çətin mübarizələrdən keçmiş, siyasi aləmdə, dünyada böyük nüfuzu, dünya görüşü olan bir insan qarşıda duran vəzifələrin öhdəsindən gələ bilərdi. Yalnız o Azərbaycanı gələcək fəlakətlərdən qurtarmağa qadir idi. Azərbaycan xalqı bunu yaxşı bilirdi və 1993-cü ilin iyun ayında Heydər Əliyevi təkidlə Bakıya dəvət edərkən, insanlar bunu dəfələrlə ölçüb-biçmişdilər və o böyük şəxsiyyətə öz ehtiramlarını, ümidlərini ifadə etmişdilər.

Xalq Ulu Öndər Heydər Əliyevi prezident seçərkən yanılmamışdı. Bu dahi şəxsiyyəti seçmək Azərbaycanı gələcək bəlalardan xilas etdi, ölkədə sabitlik yarandı, iqtisadi inkişafa, maddi tərəqqiyə, insanların həyat şəraitinin yaxşılaşdırımasına yollar açıldı. Qlobal enerji-kommunikasiya layihələri reallaşdırıldı. Azərbaycanın hüquqi, iqtisadi, siysi suverenliyinin təmin olunması prosesi sürətləndirildi. Əlbəttə ki, bütün bunlar ölkədə yaradılmış ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin nəticəsində mümkün oldu.

Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə, ədaləti, qanunların aliliyini, insanların təhlükəsizliyini bərpa etdi. Tez bir zamanda silahlı qruplaşmalar ləğv olundu, özbaşınalıqlara, hərc-mərcliyə son qoyuldu, atəşkəs əldə edildi. 20 sentyabr 1994-cü ildə əsrin müqaviləsinin imzalanması Ulu Öndər Heydər Əliyevin Azərbaycanı iqtisadi böhrandan xilas etmək və ölkənin gələcək inkişafına yollar açmaq üçün qəbul etdiyi ən möhtəşəm tarixi qərar idi. Azərbaycan xalqı bu müdrikliyin, uzaqgörənliyin bəhrələrini bu gün daha dərindən dərk edir və qiymətləndirir. Bu böyük layihə gələcək planların, istiqamətlərin başlanğıcı olmaqla Azərbaycanı həm dünyada tanıtdırdı, həm beynəlxalq aləmdə mövqelərimizi möhkəmləndirdi, həm də iqtisadi yüksəlişimizə təkan verdi.

Allah insanları qorumaq və yaşatmaq üçün nə vaxtsa bir xilaskar bəxş edir. Ulu Tanrı Ümummilli Lider Heydər Əliyevi də Azərbaycan xalqını çətin günlərdə, istər 60-cı illərdə Azərbaycanın iqtisadi çətinliklər, böhran içərisində yaşadığı o dövrdə, istərsə də əsrin sonlarında, 1993-cü ildə bu xalqa xilaskar kimi bəxş etdi. Xalqımız, dövlətimiz bu müdrik insanın siyasi iradəsi və məharəti sayəsində ağır faciələrdən qurtuldu. Ona görə də 3 sentyabr həm bizim üçün unudulmazdır və həm də tarixin böyük unudulmaz səhifəsi olaraq da qalacaqdır. Ulu Öndər Heydər Əliyevin ömrü Azərbaycanın ömrü qədərdir və o xalqımızla daim bir yerdədir. Azərbaycan durduqca Heydər Əliyev də yaşayır və həmişə yaşayacaq”, deyə Tahir Rzayev bildirib.