"İkitərəfli əlaqələr bütün sahələr üzrə mövcuddur" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

1 Oktyabr 2022 14:34 (UTC+04:00)

"Cənab Prezidentin bu gün Bolqarıstana rəsmi səfəri iki ölkənin münasibətlərini daha yüksək səviyyədə qorumaq istəyindən xəbər verir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Bolqarıstanda yüksək səviyyədə qəbul edilib: "Danışıqlar zamanı Bolqarıstan tərəfi Azərbaycanla əlaqələri yüksək qiymətləndirdi. Bununla yanaşı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etdi. Bu gün ölkəmiz Avropa ölkələrinə o cümlədən Bolqarıstana daha çox qaz tədarük etmək imkanına malikdir və bunun texniki imkanları artıq mütəxəssislər tərəfindən öyrənilir. Həmçinin Azərbaycan Bolqarıstanın biznes dairələrini konkret olaraq işğaldan azad olunan ərazilərə investitsiyalar qoymağa çağırdı.

Bolqarıstanın tanınmış iş adamlarının görüşdə iştirakı onu sübut etdi ki, bu təklifə çox müsbət yanaşırlar. Azərbaycan və Bolqarıstan bir-biri ilə yaxşı münasibət qurmağın vacibliyini daima vurğulayıblar. İkitərəfli əlaqələr bütün sahələrdə mövcuddur. Artıq tərəflər bu əlaqələri yüksək səviyyəyə qaldırmaq üçün çalışırlar. Hesab edirəm ki, bu səfər iki ölkənin bir-birinə daha da yaxın olmasına şərait yaradacaq".