“AzInTelecom”un təcrübəçiləri sertifikatla təltif edilib

1 Oktyabr 2022 01:03 (UTC+04:00)

“AzInTelecom” MMC-nin yay təcrübə proqramında iştirak edən təcrübəçilərə sertifikatlar təqdim edilib. MMC-dən SİA-ya bildirilib ki, bu il proqrama seçilən gənclərin bir qismi artıq təcrübə müddətini başa vuraraq növbəti mərhələyə keçiblər.

“AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentində təcrübə keçən 19 nəfər sertifikatla təltif olunub, onlardan 13-ü fərqlənmə sertifikatı alaraq təcrübə proqramının ikinci mərhələsində iştirak edəcəklər. Təcrübə proqramının ikinci mərhələsini də uğurla yekunlaşdıran təcrübəçilər işlə təmin olunmaq şansı qazanacaq.

Həmçinin təcrübəçilərə mentorluq edərək onlarla davamlı kommunikasiyada olan MMC-nin 6 əməkdaşı “Təşəkkürnamə” ilə təltif olunub.

Qeyd edək ki, bu il təcrübə proqramına 2000-dən çox müraciət daxil olub və bir neçə mərhələdən ibarət seçim prosesində 30-a yaxın şəxs iştirak şansı qazanıb.

Ötən il təcrübə proqramına seçilən şəxslərdən isə 20 nəfəri hazırda “AzInTelecom” MMC-nin əməkdaşlarıdır.