Birləşmə sevincini “ürəkdolusu” duymayan Puşilin...

30 Sentyabr 2022 22:42 (UTC+04:00)

...Deyir Rusiyaya birləşmənin sevincini “ürəkdolusu” duymamış... Donetsk Xalq Respublikasının “rəhbəri” Denis Puşilinə bəd bir xəbərlə gəlib. Onun dediyinə görə, Krasnı Limanda vəziyyət gərginləşib. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edim ki, Krasnı Liman bir və ya iki saat bundan əvvəl Rusiyanın tərkibinə “daxil olan” Donetsk Xalq Respublikası ərazisindədir. Deməli, Rusiya “ərazisidir”. Qeyd edilməlidir ki, bu şəhərin özəlliklərindən biri də, böyük dəmir yolu qovşağına sahib olmasıdır.

...Yenə də deməli, deyim kimi... ukraynalılar cəsarət edib Rusiya “ərazisi”nə təcavüz ediblər. Görən, ruslar hələ nüvə silahına əl atmayacaqlar ki? Yox, gərək ki, Vanqa qarı o vaxt bomba ilə bağlı heç nə deməyib.

...Hə, indi Vanqa artıq uzaqlardadır deyə, görək Puşilin nə deyir. Beləliklə, Puşilinin dediyinə görə, şəhərdə qalan müttəfiq qüvvələrin bölmələri tam əlavə tədbirlər həyata keçirərək Severskdən gətirilənlərin hesabına Ukrayna qoşunlarının daimi hücumlarına tab gətirirlər .

...Deyim ki, Siz də biləsiniz... Seversk Rusiyanın Tomsk vilayətinin balaca şəhərlərindən biridir. Belə görünür ki, Severskdə səfərbərlik “uğurlu olub”.

...Amma deyim ki, rus rəhbərliyi bir şeydə... yeni səfərbər olunanların ancaq “rus torpaqlarında” xidmət edəcəkləri barədə düz deyibmiş.

Ağasəf Babayev