Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi - Vüqar Rəhimzadə

30 Sentyabr 2022 18:16 (UTC+04:00)

Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

“Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin müasir müstəqil Azərbaycanın Respublikasının, dövlətçiliyimizin, bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüzün önündədir. Bugünkü Azərbaycanın reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. Lakin 2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bugünədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı və dövləti üçün qoyduğu irs çox zəngindir. Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir. Hələ bundan sonra neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb. O abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyev və Azərbaycan məfhumlarının birgə ifadə olunması Onun xidmətlərinin aydın mənzərəsini yaradır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir: “Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bugünümüz üçün əsas oldu. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinliklər fonunda hakimiyyətinin birinci dövrünü belə xarakterizə edirdi ki, o dövrlərdə yaranmış iqtisadi potensial bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Biz müstəqilliyimizi tam bərpa etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar.”

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra atılan addımların xronologiyasına, ölkəmizin iqtisadi inkişaf dinamikasına diqqət yetirmək kifayətdir ki, Ümummilli Liderin bu fikirlərinin reallıqda öz təsdiqini tapdığını əminliklə qeyd edək” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur: “Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.

YAP Xətai rayon təşkilatının sədri ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinə də qısa nəzər salıb: “Azərbaycan tarixinin mühüm səhifəsi kimi dəyərləndirilən 3 sentyabr 1991-ci ildə ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ümummilli Liderin Naxçıvanda qəbul etdiyi qərarlar, atdığı addımlar müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafı üçün baza rolunu oynadı. Onun sədrliyi ilə keçirilən sessiyalar biri-birindən əhəmiyyətli məsələlərin müzakirəsi, qərarların qəbulu ilə yadda qalıb. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir. Bakıda 20 Yanvar faciəsi törədiləndən dərhal sonra Moskvadakı Azərbaycan Nümayəndəliyinə gedərək bu qırğını müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş böyük cinayət olduğunu bütün dünyaya bəyan edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Dünya Azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən qərarın qəbulu da ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinə aiddir.”

Vüqar Rəhimzadə qeyd edib ki, zamanın hökmü ilə ötən əsrin 90-cı illərin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini tamamilə itirmək təhlükəsi ilə qarşılaşdı: “Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür: “Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək irəli sürdüyü “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini atdığı addımları ilə təsdiqləyən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı: “Milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanmasının 23-cü ilində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırdı. 2014-cü ildə təməli qoyulan və 2018-ci ildə rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu.”

Vüqar Rəhimzadə bildirib ki, 3 oktyabr tarixi ulu öndər Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi gündür: “Artıq həmin tarixdən bizləri 29 illik zaman ayırır. 29 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, hər bir addım torpağa, Vətənə bağlılığın fonunda dövlətimizin, xalqımızın gələcəyinə xidmət edən qərarlarla zəngindir: «Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən quruldu. Dövlətçiliyin əsasları yaradıldı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu.”

“Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini əvvəldə də qeyd etdiyimiz kimi, bir yazıda əhatə etmək mümkün deyil” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bu il 30 illik yubileyini qeyd etməyə hazırlaşan Yeni Azərbaycan Partiyasının yaradılması da dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsinin əsas tərkib hissələrindən biridir: “Bu baxımdan ki, partiyanın hansı dövrdə, hansı şəraitdə yaradıldığı məlumdur. Prezident İlham Əliyevin ötən il YAP-ın VII qurultayında qeyd etdiyi kimi, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilməsi ilə ölkəmizin böhrandan çıxma prosesi başlanmış oldu. Biz bu tarixi heç vaxt unutmamalıyıq. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı.”

“Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 19 ilə yaxın dövr ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdi. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdi. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Azərbaycanın iqtisadi imkanları daha da genişləndi. Beynəlxalq münasibətlər sistemində rolu artdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar”,- deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində dahi şəxsiyyətin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun görəcəyi işlər, gerçəkləşdirəcəyi layihələr hədəflərə öz töhfəsini verəcək: “Çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə öz töhfələrini verən Heydər Əliyev Fondunun ölkə daxilində, eyni zamanda, xaricində həyata keçirdiyi layihələr ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezident kimi təqdimatı mərasimində dövlət başçısı İlham Əliyev onun Heydər Əliyev Fondunun rəhbəri kimi gördüyü işləri yüksək dəyərləndirərək bildirmişdir ki, bu çoxşaxəli fəaliyyət qəbul etdiyim qərarda əsas rol oynadı.”

Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq, qalib Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycan kimi sözünün imzası qədər əhəmiyyətini təkmil inkişaf modeli ilə bir daha təsdiqləyəcək.