Prezident: Əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək

30 Sentyabr 2022 19:18 (UTC+04:00)

Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək.

“Sabah keçiriləcək mərasim haqqında da bu gün fikir mübadiləsi aparıldı. Mən Prezident Radevi bu böyük tarixi nailiyyət münasibətilə təbrik etdim. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır”, - deyə Azərbaycan Prezidenti bildirib.