Uşaq və gənclərin fiziki və mənəfi inkişafı proiritet məsələdir - TƏHLİL

30 Sentyabr 2022 18:24 (UTC+04:00)

Cəmiyyətin gələcəyi gənclərdən asılıdır və gələcəyi gənclər müəyyən etdiyi üçün gənc nəslin düzgün tərbiyəsi hər zaman öz aktuallığını qoruyur. Eləcə də uşaq və gənclərin fiziki, həmçinin mənəvi inkişafı daim diqqət mərkəzində olmalıdır ki, onlar cəmiyyət üçün savadlı, lazımlı vətəndaş olaraq yetişsinlər və gələcəyimiz etibarlı əllərdə olsun. Elə bu baxımdan da dövlətimiz uşaq və gənclərin fiziki, həmçinin mənəvi tərbiyəsinə, inkişafına xüsusi diqqət və qayğı göstərir.

Ölkəmizdə bir-birinin ardınca yeni-yeni məktəblərin tikilməsinin və əsaslı təmirinin vətəndaşlarımız şahididir və bütün bunlar uşaq və gənclərin düzgün tərbiyə olunmasına diqqətin bariz nümunəsidir. Respublikamızın şəhər və rayonlarında, eləcə də ucqar kəndlərdə məktəb binalarının inşa edilməsi, bir çox təhsil ocaqlarının yenidən təmir edilməsi, ən müasir avadanlıqlarla təchiz olunması ənənə halını alıb və cəmiyyətimiz bu ənənənin məhz gənc nəslin düzgün tərbiyə olunmasına hesablandığını görür. Azərbaycanda təhsil müəssisələrinə, təlim-tərbiyə ocaqlarına xüsusi qayğı da diqqətdən yayınan deyil və ölkə başçısının, cənab Prezident İlham Əliyevin rəhbərliyi, eləcə də tapşırıqları ilə bu istiqamətdə görülən işlər təkzib edilə bilməz və vətəndaşlarımız yaxşı bilirlər ki, gənc nəslin düzgün tərbiyəsi prioritet məsələ hesab olunur.

Artıq ölkəmizdə məktəb binalarının tikintisi və təmiri ilə yanaşı, idman infrastrukturunun daim yenilənməsinin də hər birimiz şahidiyik. Təkcə paytaxt Bakıda deyil, ayr-ayrı bölgələrdə də idman meydançaları salınır ki, bütün bunlar idmana olan marağı daha da artırır. Son illər stadionların və olimpiya komplekslərinin inşasına xüsusilə yer verilir və müasir standartlara uyğun belə komplekslər Azərbaycan gənclərinin ixtiyarındadır. “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə uyğun olaraq, uşaq və gəncllərin sağlam ruhda yetişməsinə önəm verilir. Azərbaycan gəncliyinin hal-hazırda sağlam ruhda yetişməsi, layiqli vətəndaş olması üçün dövlətimiz tərəfindən xüsusi şərait yaradılıb.

Əlbəttə ki, uşaq və gənclərin düzgün tərbiyə alması, istər psixoloji, istər mənəvi, istərsə də fiziki cəhətdən sağlam böyüməsi ilk növbədə onun doğulduğu, boya-başa çatdığı ailədən başlayır. Bu baxımdan, ailə tərbiyəsinin uşaq və gənclərin sağlam yetişməsində önəmli rolu var və valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, ilk növbədə valideynlər öz uşaqlarının tərbiyəsinə, fiziki və mənəvi inkişafına, sağlam böyüməsinə görə məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Eləcə də valideynlər belə bir məsuliyyət daşıdıqları barədə maarifləndirilmədirlər.

Sözsüz ki, ailə tərbiyəsi ilə yanaşı, uşaq və gənclərin yetişməsində təhsil ocaqlarının da rolu danılmazdır, çünki uşaqların cəmiyyətlə ilk tanışlığı onların məktəbə qədəm qoyması ilə başlayır. Orta məktəbdə gənclərimiz məhz düzgün tərbiyə almalı, sağlam yetişdirilməlidirlər. Bunun ardınca da, istər ali təhsil ocaqlarında, istərsə də peşə təhsili müəssisələrində gənclərimizə layiqli vətəndaş olmaları aşılanmalı, bunun üçün isə onların təlim-tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Bu məsələdə isə məsuliyyət təhsil müəssisələrində çalışan müəllimlərin üzərinə düşür. İstər orta, istərsə də ali təhsil müəssisələrində və peşə təhsili müəssisələrində çalışan müəllimlər bunu nəzərə almalıdırlar ki, gənc nəslin həm düzgün tərbiyə almasında, həm də düzgün istiqamətləndirilməsində onların rolu böyükdür. Təbii ki, bu baxımdan da müəllim əməyinə hörmətlə yanaşılmalıdır və nəzərə alınmalıdır ki, pedoqoji kollektiv uşaq və gənclərin tərbiyəsinə görə cavabdeh olmaqla böyük hörmət və ehtirama layiqdirlər. Təhsil sistemində dövlətimizin apardığı uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması heç də təsadüfi deyil. Bütün bunlar gəncliyimizin uğurlu gələcəyi, sağlam yetişməsi üçündür və təhsil sisteminə verilən dəyərin bariz nümunəsidir.

İnsan mənəviyyatının inkişafında elm, bilik, savadla yanaşı, tərbiyəyə, gənclərin normal xarakterdə yetişməsinə də xüsusi diqqət ayrılmalıdır. Vətəndaşlıq, vətənə məhəbbət hissinin tərbiyəsi insan xarakterinin ən böyük və önəmli tərəfidir. Milli maraqlarımızın, xalqımıza məxsus olanların qorunması, suverenliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudir və uşaqların, gənclərin tərbiyəsində bunun aşılanması çox vacib məsələdir. Vətəni sevmək, vətənə sədaqətli olmaq, vətən uğrunda bacardığını əsirgəməmək əsl vətəndaş olmaq deməkdir. Müzəffər Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, qətiyyəti, xalqımızın birliyi, Azərbaycan Ordusunun şücaəti, rəşadəti ilə əldə etdiyimiz qələbə, qazandığımız Zəfər məhz bunun sayəsində, vətəndaşlarımızın vətəni sevməsi, vətən uğrunda canını, qanını belə əsirgəməməsi, Azərbaycanımız uğrunda birləşməsi, birliyi, həmrəyliyi ilə reallaşdı. Azərbaycan xalqı vətəni necə sevmək lazım olduğu barədə düşmənə dərs verdi. Bütün dünya gördü ki, Azərbaycanın oğul və qızları vətənə məhəbbət ruhundadır və etiraf etmək lazımdır ki, bu ruh uşaq və gənclərin düzgün tərbiyə almasından qaynaqlanır.

İstər düşmənlərimiz, istərsə də dünyanın bütün millətləri və xalqları vətən oğullarının öz torpaqları, ərazi bütövlüyümüz uğrunda hansı şücaətlə, hansı rəşadətlə döyüşdüyünün şahidi oldular. Azərbaycanın əzəli və əbədi torpaqları olan və 30 ilə yaxın düşmən əsarətində, işğal altında saxlanılan Qarabağın, eləcə də ətraf ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə müşahidə edilən qəhrəmanlıqlar bizim hansı ruhda tərbiyə aldığımızı bütün dünyaya sübut etdi. Sübut olundu ki, Azərbaycan vətəndaşlarının fiziki və mənəvi inkişafı lazımınca təmin olunub, bunun üçün düzgün tərbiyə ediliblər. Elədə də Azərbaycan oğullarının döyüşlərdə hansı fiziki hazırlığa sahib olduqları da bütün dünyaya bəlli oldu. Bəlli oldu ki, gənclərimiz fiziki cəhətdən də düşməndən üstündür və məhz bu, fiziki tərbiyənin təzahürü idi. Xüsusilə, Şuşanın azad olunmasında Azərbaycan əsgərinin qayalara qartallar kimi qalxmaları, düşmən üzərinə hücum çəkmələri, əlbəyaxa döyüşərək düşməni diz çökdürmələri, məğlub etmələri onların fiziki cəhətdən hazırlıqlı olmalarından xəbər verir.

Göründüyü kimi, həqiqətən də müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün gənc nəslin tərbiyəsinin, fiziki və mənəvi tərbiyənin rolu danılmazdır. Doğrudur, biz düşmən üzərində qələbə çaldıq, Zəfər qazandıq, amma düşmən elə düşmən olaraq da qalır və gənclərimizin yenə də öz milli maraqlarımızı, vətənimizi qorumağa hazırlıqlı olmaları gərəkir. Bunun üçün isə uşaq və gənclərin fikiri və mənəfi inkişafı hər zaman olduğu kimi, proiritet məsələ hesab olunur.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.