"Elektron məhkəmə" informasiya sistemi kimlərə şamil olunur? - QURUMDAN RƏSMİ AÇIQLAMA

30 Sentyabr 2022 17:25 (UTC+04:00)

İnsanların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi üçün "Elektron məhkəmə" informasiya sistemi yaradılıb. Bəs, vətəndaşlar bu sistemdən necə yararlana bilərlər və bu sistem kimlərə şamil olunur? Ədliyyə Nazirliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə başçısının 13 fevral 2014-cü il tarixli Sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sistemi yaradılmış, Azərbaycan Respublikasının yurisdiksiyasına daxil olan bütün məhkəmələr, hakimlər və məhkəmə qaydasında baxılan işlər barədə məlumatların orada toplanılması təşkil edilmişdir: "Sistemdən hakimlər, məhkəmə aparatı işçiləri, vəkillər, habelə fiziki və hüquqi şəxslər yararlana bilərlər.

Bu sistemin funksionallıqlarından yararlanmaq üçün istifadəçilər www.courts.gov.az elektron ünvanında yerləşən “Vahid məhkəmə portalı”na daxil olaraq ədalət mühakiməsinin əlçatanlığının asanlaşdırılmasına xidmət edən və çox geniş funksionallıqlara malik “Şəxsi kabinet” yaradırlar. “Şəxsi kabinet” vasitəsi ilə proses iştirakçıları üçün iştirak etdikləri iş üzrə bütün məlumatların (prosesin vaxtı, çıxarılan qərarlar, onların icra vəziyyəti, verilən şikayətlər barədə məlumatları və s.) əldə edilməsi, məhkəməyə sənədlərin təqdim olunması, eləcə də rüsumların ödənilməsi imkanlarından istifadə imkanı təşkil olunmuşdur.
İstifadəçilər tərəfindən sənədlər “Şəxsi kabinet” vasitəsilə güçləndirilmiş elektron imzadan istifadə etməklə göndərilir, sənədin qəbul edilməsi və qeydiyyatı istifadəçiyə informasiya sistemindən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur.
Bu sistemin tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir".

Arzu Qurbanlı