Allah Ozerova rəhmət eləsin!

30 Sentyabr 2022 16:57 (UTC+04:00)

Gəlin lap elə də uzaq olmayan keçmişdən başlayaq...

... Gərək ki, yaşlı idmansevərlər onu tanımamış olmazlar. Belə ki, o vaxtlar ruslarda bir idman verlişlərinin aparıcısı vardı, Nikolay Ozerov. Deməli, yenə də gərək ki, 70-çi illər idi. Ozerov Kanadada sovetlərin o dövr üçün ən güclü hokkey komandalarından biri olan CSKA-nın oyunlarından birinə aparıcılıq edirdi.

Beləliklə, CSKA-nın rəqibini güclü Kanada komandalarından biri kimi xarakterizə edən Ozerov, söhbət əsnasında həmən komandanın sahibinin də hazırcavab, xoşxasiyyət biri olduğunu xatırlatdı. Hətta verlişarası onun hazırcavablığı ilə bağlı maraqlı bir açıqlamasını da söylədi.

Ozerov dedi ki, onunla söhbətlərin birində kimsə... dağılmayan bir şey barədə ona sual edəndə, həmən şəxs tərəddüd etmədən Sovetlər İttifaqının adını çəkdi və fikrini əsaslandırmaq üçün “yarandığı gündən oğurlayırlar, talayırlar amma hələ də dağılmaq bilmir”-deyə söylədi.

...Doğrudanmı, Sovetlər İttifaqı elə möhtəçəm idi ki, dağılmazdı? Bəs, onda nə oldu? Gəlin uzatmayaq...

...Ondan başlayaq ki, hazırda qələm rusların əlindədir deyə, SİA-da rus saytlarına istinad edəcək.

Beləliklə, ötən gün ABŞ senatorları dinləmələr keçirərək, Moskvaya qarşı tətbiq edilən sanksiyaların effektivliyini qiymətləndiriblər. Görüş zamanı onlar məhdudiyyətlər siyasətini uğursuzluq kimi tanıyıblar. Çünki bu qədər əziyyət çəkib ruslara qarşı sanksiyalar təşkil etsələr də, amma bütün bunlar Rusiya iqtisadiyyatına hələ ki, heç bir təsir-filan göstərməyib.

Rusların yazdığına görə, amerikalı senatorlar hazırda “şokdadırlar”: “Rusiya iqtisadiyyatı bizim istədiyimiz kimi çökməyib: PutiPutin sarsılmazdır və belə görünür ki, bu döyüşlərin sonu yoxdur”-deyib “vay-şivən” qaldırıblar.

...Senatorların fikrincə, sanksiyaların səmərəsizliyi onların lazımi qaydada tətbiq edilməməsi ilə bağlıdır və bir çox ölkələr ümumiyyətlə onları tətbiq etməkdən imtina edib ki, bunun sayəsində də Rusiya iqtisadiyyatı ayaqda duruş gətirir.

Senatorlara görə, digər problem isə odur ki, qoyulan məhdudiyyətlərin son məqsədləri ilə bağlı hələ də konsensus yoxdur.

Rus saytları yazır bunu...istinad mənbələri də ki,.. o, zadın sözü olmasın, ləyənnən.

Faktlar da ki, öz yerində. Budur bunlardan biri... deməli, bir müddət bundan əvvəl amerikalı senator Mitt Romni bildirmişdi ki, anti-Rusiya sanksiyaları səmərəsiz olduğunu sübut edib. O daha sonra əlavə kimi, “...Rusiyanın inflyasiya və birja ilə bağlı problemləri dünya iqtisadiyyatı üçün çətin dövrdə digər ölkələrin üzləşdiyi çətinliklərdən heç də fərqlənmir”-deyə bildirmişdi.

...Deyirəm, arada nostalaji hisslər adamı çuğlayır...axı, Sovetlər İttifaqı necə oldu ki, dağıldı...Rusiyadan fəqrli olaraq ona nə sanksiyalar nətbiq edilmişdi, nə də...

...Rus dilində elə də yaxşı danışa bilmirəm deyə, ona görə də öz ana dilimdə deyəcəm: Allah Ozerova rəhmət eləsin!

Ağasəf Babayev