"Azərxalça" işğaldan azad olunan ərazilərdə hansı tədbirlər təşkil edib? - QURUM RƏSMİSİ AÇIQLADI

30 Sentyabr 2022 16:22 (UTC+04:00)

"Azərxalça"nın tarixi XX əsrin birinci yarısından başlayır. Azərbaycan Respublikası Prezidentinin 5may 2016-cı il tarixli Sərəncamına əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilmiş, əvəzində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bəs “Azərxalça” hazırda insanlarda xalçaya olan marağın artırılması istiqamətində nə kimi addımlar atır və işğaldan azad olunan ərazilərimizdə hansı tədbirlər təşkil edib? Mövzu ilə əlaqədar olaraq SİA “Azərxalça” ASC-yə müraciət edib. Qurumdan SİA-nın sorğusuna “Azərxalça”nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xatuna Abdullayeva cavab verib.

Qurum rəsmisi bildirib ki, “Azərxalça” ASC xalçanı sevən, marağı olan, müasir dizaynlı evlərində Azərbaycanda toxunmuş, əsl əl işi xalçalarımızı görmək istəyən yerli və xarici xalçasevərləri nəzərə alaraq, bazara yalnız klassik deyil, müasir dizaynlı xalçalar təqdim edir. Bunun üçün də konseptual, gənc, istedadlı dizaynerlər, rəssam və xalçaçılar işə cəlb edilir. Yerli rəssamlarla yanaşı “Azərxalça” ASC xarici rəssam və dizaynerlərlə də əməkdaşlıq edir. İsrailli rəssam Rami Meirin əsərlərinin xalçalara köçürülməsi və satışı istiqamətində, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkə səfirlikləri ilə hər iki ölkədə xalçalarımızın sərgi və satışının baş tutması haqqında da danışıqlar və qarşılıqlı əməkdaşlıq həyata keçirilir.

Xatuna Abdullayeva qeyd edib ki, bu il bizim üçün ən önəmli tarix- xalçaçıların bayramı, 5 mayı mədəniyyət paytaxtımız, Qarabağın sənət məbədi, xalçaçılıq sənətinin beşiyi Şuşada qeyd olundu. Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı çərçivəsində “Azərxalça” ASC Şuşanı ziyarət edən yerli və xarici qonaqlara özünün xalça toxuma prosesi haqqında “Xalça necə doğulur” adlı interaktiv tamaşa formasını təqdim etdi.

Bundan əlavə “Azərxalça” ASC 21-24 sentyabr tarixlərində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən şahmat üzrə beynəlxalq “Shusha chess 2022” turnirinin tərəfdaşı oldu. Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan yarışın əsas xatirəsi olaraq bütün oyunçular, təşkilatçılar və ümumilikdə turnirdə iştirak edən, Şuşada yaşayan həmyerlilərimiz vahid xatirə xalçası toxudular. “Azərxalça”nın peşəkar komandası və toxucular bu prosesin həyata keçməsinə kömək etdi.

Toxunmuş xalça tədbirin sonunda dəzgahdan kəsilərək Beynəlxalq Şahmat Federasiyasının prezidentinə təqdim olundu. Bununla yanaşı, ona xalçanı toxumuş bütün insanların ad və soyadlarının qeyd olunduğu xatirə kitabçası da hədiyyə edildi. Bütün iştirakçılara suvenir, qaliblərə isə Qarabağ xalçaları hədiyyə olundu.

Ötən il “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və Təmiz Şəhər” ASC-nin dəstəyi ilə reallaşan, 44 günlük Vətən müharibəsindəki qələbəmizi simvolizə edən “Qarabağ İlmələrdə” layihəsi çərçivəsində toxunan Qarabağ “Çələbi” xalçasını daşıyan səyyar avtomobil Zəfər yolu ilə Şuşa şəhərinə gedib və xalçaya sonuncu ilmələr Şuşada vurulub. Bu “Azərxalça” nın Şuşada ilmə atılan ilk xalçası idi.