“Möhtəşəm zəfər tariximizi və dövlətçilik irsimizi daha da şərəfləndirdi” - SORĞU

30 Sentyabr 2022 17:25 (UTC+04:00)

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. SİA mövzu ilə bağlı təşkilat sədrlərinin fikirlərini öyrənib.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA-nın) sədri Azər Əliyev: “Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi milli və müasir tariximizin ən şanlı səhifəsidir. Mən əminliklə deyə bilərəm ki, bu şanlı tariximizin yazılmasında Azərbaycan gənclərinin rolu danılmazdır, hansı ki, o gənclər 30 ildir həsrətində olduğumuz ən böyük arzumuzu gerçəkləşdirdi. Şübhəsiz ki, gənclərimiz hər zaman dövlətçilik və millətçilik ənənələrinə, milli-mənəvi dəyərlərimizə sahib çıxmaqları ilə xüsusilə seçiliblər. 44 günlük Vətən Müharibəsində gənclərimizin bir addım belə geriyə addım atmayaraq misilsiz qəhrəmanlıq tarixini yazmaqları bunu bir daha sübut etdi. Gənclərə vətənpərvərlik hissinin aşılanması, onların vətənpərvər ruhda yetişdirilməsi istiqamətində qəbul olunan qərarlar və icra edilən fəaliyyətlərin əhəmiyyətli rolu vardır.

Qeyd edim ki, ölkə əhalisinin 22,1 faizini təşkil edən gənclərə qayğı daim dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq aktuallığını saxlayır və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik əldə olunandan sonra “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul edilmiş və gənclərin inkişafına öz töfhəsini vermişdir. Həmin siyasətin və qəbul edilən proqramların nəticəsidir ki, gənclərimiz vətənpərvər, məqsədyönümlü, mərd yetişir, həyatın müxtəlif sahələrində özlərini sübut edir, qalibiyyətləri ilə Azərbaycanın adını uca edirlər.

Buna misal kimi yenə Vətən Müharibəsini göstərə bilərəm ki, həmin dövrdə gənclərimiz yalnız ön cəbhədə deyil, həm də arxa cəbhədə informasiya mübarizəsində qalib gəldilər. Belə ki, 44 gün ərzində gənclər və gənclər təşkilatları müxtəlif dillərdə təşviqat kampaniyaları təşkil edərək bəyanatları beynəlxalq təşkilatlara ünvanlayır, sosial şəbəkələr üzərindən postlar paylaşıb, müxtəlif həştəqlər istifadə edərək dünya trendinə gerçəklərin çatdırılması üçün çalışırdı.

Qələbəmiz bir daha sübut etdi ki, geri aldığımız torpaqlar bizim əzəli və əbədi torpaqlarımızdır.

Bu gün biz gənclər daha məsuliyyətli olmalı, şanlı tariximizi əbədi yaşatmalı və bu qələbəni bizə yaşadan Şəhidlərimizin xatirələrini daim əziz tutmalıyıq”.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: "Bu gün biz doğma vətənimizdə, müstəqil Azərbaycanımızda şəhidlərimizi Anım Gününündə yad edirik. İndi Vətənimizə xidmət etmiş, canını və qanını fəda etmiş, döyüş yoldaşına gövdəsini sipər etmiş böyük qəhrəmanlar haqqında danışmaq böyük məsuliyyətdir, qürurdur! İnanıram ki, bu yüksək həssas və şərəfli günü qeyd edən hər kəs üzərində azad və sərbəst şəkildə hərəkət etdiyi bu torpaqların necə “Vətənə” çevrilməsi haqqında düşünür. 27 sentyabr 2022-ci ildə, Vətən müharibəsindən 2 il sonra Azərbaycan əsgəri Şuşada, Gövhər ağa məscidinin pilləkənlərində dayanaraq o məşhur “Qarabağ Azərbaycandır!” sözünü söyləyir.

Bütün həmvətənlərimizin, şəhidlərimizin və ordumuzun səsi birlikdə o nidanı deyir. Başqa yol yoxdur.

Döyüş meydanlarından şəhid məzarına qədər uzanan bu şərəfli yolun hənirtisi gözəl vətənimizin hər yerindən daha yaxşı duyulur. O hənirti ki, xalqımızı dəmir yumruq kimi birləşdirib. Biz azərbaycançılıq ənənələrinə sadiq, vahid xalq anlayışına uyğun yaşamağa çalışan, birliyi bacaran bir millətik. Bu günü diqqətlə dinləsək, birliyin vacibliyini xatırladan Vətən müharibəsinin mənəvi yükünü bir daha anlamış olarıq. Xüsusilə, Anım Günündə bir daha xatırlamış oluruq ki, Vətənimizə sadiq bir xalq olaraq şəhidlərimizin əmanətinə sahib çıxmaq, onu qorumaq və hörmət etmək bizim borcumuzdur.

Bu Anım Günündə Vətənimizi müdafiə etmək üçün qəhrəmancasına döyüşmüş və şəhid olmuş əsgər və zabitlərimizi yad etmək üçün onların xidmətlərinin hər birimiz və hamımız üçün, müstəqil Azərbaycan üçün olduğunu xatırlamaqdan daha yaxşı bir yol düşünə bilmirəm. İndi gənclərimiz həm də şəhidlərimizin əmanətlərini – onların ailə üzvlərini unutmamalı, hər zaman dəstək olmalı və yardım üçün hazır olmalıdır.

Vətən müharibəsindən artıq 2 il ötür. Bizim isə qarşımızda heç vaxt dəyişməyəcək məsuliyyət var: Həyatını bu Vətənin bütövlüyü uğrunda fəda etmiş igid qardaş və bacılarımızın xatirəsini əbədiyyətədək yad etmək. Onların əmanəti olan bu Vətəni qorumaq və inkişaf etdirmək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!".

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova: "Vətən sevgisi, 44 günlük Vətən müharibəsi zamanı şahidi olduğumuz Vətənin hər şeydən üstün tutulması Azərbaycan gəncləri üçün əsas olan dəyərin nə olduğunu nümayiş etdirdi.

30 il ərzində düşmən işğalına məruz qalan torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, birliyinin təntənəsi, Qarabağ zəfəri isə ölkənizin günü-gündən inkişafının ən gözəl nümunələrindəndir.

Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi.

Vətən müharibəsində ölkəmizin qələbəsi bir neçə tərəfdən öz möhtəşəmliyi ilə tarixi əhəmiyyət daşıyır. Əsas məsələlərdən biri odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən həmvətənlərimiz artıq məcburi köçkün deyillər. Bu, həqiqətdir ki, yurd ağrısı ilə yaşayan köçkünlərimiz hər zaman bu ifadədən xilas olmaq istəyiblər və müzəffər Ali Baş Komandan İlham Əliyev onların bu arzusunun həyata keçməsini təmin etdi. Qələbənin digər mühüm tərəfi ondan ibarətdir ki, bütün dünya Azərbaycanın gücünə və günü-gündən artan nüfuzuna şahidlik etdi. Prezident İlham Əliyevin şərtlərini qəbul edərək məğlubiyyət aktına imza atan baş nazir N.Paşinyan bununla da Ermənistanın məğlubiyyətini qəbul etdi. Bu qələbənin əsas mühüm tərəfi 44 gün ərzində Azərbaycanın diplomatik arenada da gücünü nümayiş etdirməsi idi. Cənab Prezidentin yüksək qətiyyəti, güclü arqumentlər və usta natiqliklə olan çıxışları, hər kəsin həyəcan və sevinc hissi ilə gözlədiyi xalqa müraciətləri və beynəlxalq təzyiqlərə sinə gərməsi zəfərimizi qaçınılmaz etdi.

Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı.

Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız rəşadətli Azərbaycan Ordusunun şücaəti, igidliyi, şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi.

Azərbaycan xalqı hər zaman qəhrəman şəhidlərimizin xatirəsini uca tutacaq, onları hörmət, qürur və ehtiramla anacaqdır.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırdı. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmi hər kəsdə heyranlıq yaratdı. Bu gün Azərbaycan gəncləri qalib ölkənin gəncləridir və Qarabağ zəfəri tariximizin ən şanlı səhifəsi, tarixi ədaləti bərpa etdiyimiz qürur mənbəyimizdir".

"Gənclərin Töhfəsi" İctimai Birliyinin Baş Katibi Taleh Mansurov: "Vətən müharibəsi Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycanın şanlı zəfər tarixidir. Biz Gənclərin Töhfəsi gənclər təşkilatı olaraq Vətən müharibəsində istər cəbhəyə dəstək, istərsə də informasiya müharibəsində var gücümüzlə çalışdıq. Bu bizim həm vətəndaşlıq borcumuz, həm də bu vətənin gənclər təşkilatı olaraq vəzifəmiz idi. Bundan sonra Vətənimizin gəncliyinin inkişafı, Vətənpərvər gəncliyin formalaşması, Vətən müharibəsində canından qanından keçən qəhrəman vətən övladlarının xatirəsinin yaşadılması üçün layihələrimizə davam edəcəyik.

Bununla yanaşı Ali Baş Komandanın da dediyi kimi informasiya müharibəsi bitməyib. Vətən müharibəsində olduğu kimi indi də aktiv şəkildə fəaliyyətimizi davam etdiririk. Vətən müharibəsi Azərbaycanın unudulmaz Şanlı Zəfər Tarixidir. Bu tarix biz və bizdən sonrakı gənc nəsillərində yaddaşında əbədi yaşayacaq. Şəhidlər Ölməz, Vətən Bölünməz!".

Ayşən Vəli