Xalqa xəyanət siyasəti - KÜNCDƏN BAXIŞ

24 Yanvar 2024 12:45 (UTC+04:00)

Elçin Bayramlı

Dövlət maraqlarına və xalqın mənafeyinə zidd fəaliyyət göstərmək müxalifətçilik deyil, satqınlıq, vətən xainliyi və xalqla düşmənçilikdir

Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq- bunların hamısı Azərbaycanın konstitusion normalarıdır. Bu institutların fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir. Lakin bundan sui-istifadə etməyə çalışan radikal qüvvələr informasiya məkanında insanları yanlış məlumatlarla təchiz etməyə çalışırlar.

Bunlar xarici qüvvələrdən aldığı tapşırıqla ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlik hərəkətlər edir. Azərbaycanda az qala hamı bilir ki, hansı qüvvələr, hansı şəbəkələr haradan idarə olunur, maliyyələri hansı ölkədən gəlir.

Ümumiyyətlə götürdükdə, beynəlxalq təşkilatların hər hansı bir ölkədəki ictimai təşkilatlara yardım göstərməsi yaxşı hal sayıla bilərdi- bir şərtlə ki, bu yardım humanist xarakter daşımalı, ölkənin və xalqın mənafeyinə zidd olmamalıdır.

Maraqlı orasıdır ki, nədənsə Qərb dairələri Azərbaycanda yalnız radikal qurumlara yardım edirlər. Bu ölkədə cox sayda fərqli siyasi xətti olan partiya və təşkilatlar var. Lakin ağalar köhnə qullarından bərk yapışıblar. Çünki belə artistlər bir də ələ düşməz.

Bu dəstəyin əsas səbəbi odur ki, radikallar pul və hakimiyyət naminə hər şeyi satmağa razıdırlar. Məsələ bundadır ki, bu qüvvələr özlərinin şəxsi maraqları naminə dövlətin, millətin maraqlarını qurban verməyə hazırdır.

Azərbaycan müxalifəti, məhz radikal müxalifətin əməlləri nəticəsində dağılmış bir vəziyyətdədir. Bu duruma başqaları ilə bərabər özləri də düşüblər. Buna görə də həmin qüvvələr nəyin bahasına olursa-olsun, varlığını qorumağa çalışırlar.

Uzun müddətdir həyata keçməyən hakimiyyət arzularını dəfn edən siyasətbazlar heç olmasa, bu yolla xarici ağalarının diqqət mərkəzinə gələcəklərini düşünürlər. Qərbdən gələn maliyyə ilə şad-xürrəm yaşayan bu siyasi artistləri heç də xalqın sosial vəziyyəti, ölkənin iqtisadi inkişafı, hərbi-siyasi qüdrəti düşündürmür, yalnız özlərinin daha çox qrant qoparıb komfort içində yaşamaqları düşündürür.

Bu adamların Azərbaycanın milli maraqları ilə heç bir bağlılığı yoxdur. Bunlar üçün xalqın maraqları yox, öz şəxsi maraqları əsasdır. Onların bu mövqeyi isə Azərbaycanı istəməyən düşmən qüvvələrin, anti-Azərbaycan şəbəkənin maraqları ilə tam olaraq üst-üstə düşür.

Ermənistan və onun havadarları olan ABŞ və Fransanın təxribatlarına qarşı bir iş görüləndə ölkədə gündəmi dəyişdirməkdə, hakimiyyətin başını lüzumsuz işlərlə qatmağa çalışmaqda məqsəd aydındır.

Məsələn, nə vaxt ki Ermənistanla danışıqlarda kritik məqam yarananda və ya sərhəddə qarşıdurma yarananda o saat bəzi “amerikanski” müxalifət təşkilatları, “yevropeyski” bloggerlər əllərindəki media və sosial şəbəkələrlə birgə düşürlər ortalığa və başlayırlar ordumuza, dövlətimizə şər-böhtan atmağa. Hətta ölkəmizi işğalçı, təcavüzkar adlandırmağa qədər gedirlər. Bu artıq müxalifətçilik deyil, konkret olaraq vətənə, xalqa xəyanətdir.

Ya da “beynəlxalq təşkilatlar” Azərbaycana hansısa məsələdə nəyisə qəbul etdirmək lazım gələndə, xaricdən verilən tapşırıqla xarici maliyyəyə bağlı təşkilatlar və media diversantları bir həngamə çıxarırlar ki, gəl görəsən.

Uzun müddət böyük təbliğat apardıqları bir halda meydana 2-3 min nəfər də çıxara bilməyən bu qüvvələr arxalarında xalq dəstəyi olmadığını yaxşı başa düşürlər. Buna görə də, xalqa yox, xarici mərkəzlərə arxalanırlar.

Bu adamlar dinəndə milli mənafedən filandan danışırlar. Amma hələ anlamırlar ki, siyasi müxalifət dövlətə qarşı yox, hakimiyyətlə mübarizə apara bilər. Ümummilli maraqlara, dövlət mənafelərinə qarşı çıxa bilməz. Hakimiyyət və dövlət tamam fərqli anlayışlardır.

Dövlətimizin və xalqımızın mənafeyinə zidd olan hərəkətlərdə bulunmaq xəyanətdir- milli mənafelərin əksinə olaraq müharibə şəraitində yaşayan bir ölkədə daxili qarşıdurmalar yaratmaq cəhdinə başqa nə ad vermək olar ki? Şübhə yoxdur ki, Azərbaycan xalqı bu adamları yaxşı tanıdığı, mahiyyətini bildiyi üçün heç zaman onların səsinə səs verməyəcək.