KTMT ruslar üçün Ukraynada döyüşəcəkmi?..

30 Sentyabr 2022 02:15 (UTC+04:00)

...Nədən başlayaq,..hə, deməli, sentyabrın 28-də Ukraynanın Rusiyanın nəzarətində olan LPR, DXR, Xerson və Zaporojye vilayətlərinin kvazi-dövlət birləşmələrinin hakimiyyət orqanları Rusiyanın tərkibinə daxil olmaq üzrə referendumda səslərin hesablanmasının başa çatdığını elan ediblər.

Təbii ki, SİA təkrarçılıq olmasın deyə, səsvermələrin nəticələrini sadalamağa ehtiyac görmür. Sadəcə olaraq, bildirək ki, həmən ərazilər “yüksək səs çoxluğu ilə” Rusiya Federasiyasının tərkibinə daxil olmağa səs veriblər(?).

Onu da qeyd edək ki, hələ referendumun nəticələri açıqlanmamışdan əvvəl Qərb ölkələri, eləcə də Türkiyə və Qazaxıstan “seçkinin nəticələrini” tanımayacaqlarını bəyan etmişdilər.

ABŞ prezidenti Cozef Bayden səsverməni Ukraynanın bəzi hissələrini güc yolu ilə ilhaq etməyə cəhd üçün saxta bəhanə adlandırıb və Ağ Ev bunu suverenlik və ərazi bütövlüyü prinsiplərinə təhqir hesab edib. Vaşinqton həmçinin referendum keçiriləcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə də söz verib ki, deyilənə görə buna da artıq start verilib.

Yeri gəlmişkən xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın referendumda səs verən bölgə sakinlərinin qərarını dəstəkləyəcəyini bildirmişdi(?).

Deyilənlərə görə, məhz Kremlin bu qərarı Vaşinqtonu yeni əks hərəkətlərə sövq etməyə məcbur edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Hindistanın baş naziri ilə birgə mətbuat konfransında ABŞ Kiyevin Rusiyanın bir hissəsi ola biləcək ərazilərdə Qərb silahlarından istifadə etməsinə etiraz etmədiyini bildirmişdi.

Maraqlıdır ki, belə bir ssenari, ekspertlərin fikrincə, Rusiyanın KTMT üzrə müttəfiqlərinin münaqişəyə cəlb olunmasına əsas verir. Amma istisna deyil ki, KTMT-yə üzv dövlətlər yəqin ki, öz milli maraqlarına cavab verməyən öhdəlikləri yerinə yetirməyə həvəsli olsunlar.

Bu arada rusiyalı jurnalist və politoloq Arkadi Dubnov öz bloqunda Astanadakı hökumətə yaxın mənbələrə istinadən Ukrayna vilayətlərində keçiriləcək referendumun Qazaxıstanın KTMT-dən çıxmaq məsələsini gündəmə gətirməsi üçün tətikçi ola biləcəyini qeyd edib.

Onu da qeyd edək ki, indiyədək Qazaxıstandan başqa KTMT-nin heç bir üzvü Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində keçirilən referenduma münasibət bildirməyib.

Xatırladaq ki, son zamanlar KTMT üzvləri arasında münaqişələri dayandırmaq və ya onların maraqlarını qorumaq iqtidarında olmadığına görə daim tənqid olunur. (...yox ermənilər bu sıradan deyillər, çünki onların istəyi tam başqadır-A. B.)

Təbii ki, bütün bunlar öz yerində, amma maraqlıdır, artıq sabah...yox artıq bu gün Putinin imzası ilə rusların Ukraynadan aldıqları ərazilər Rusiya ərazisi sayılacaq.

...Və Ukraynanın öz halallıca torpaqlarını geri almaq üçün bu ərazilərə hücum edəcəyi də istisna edilmir. Maraqlısı budur ki, bu gündən Rusiya ərazisi sayılan həmən torpaqlara Ukraynanın hücumuna Kremlin necə reaksiya verməsi olacaq.

Xatırladaq ki, KTMT-nin əsasnaməsinə görə, belə olan halda üzv dövlətlər “təcavüzə məruz” qalan ölkənin köməyinə getməlidirlər. Yenə də maraqlıdır, gedəcəklərmi? Məncə, elə də inandırıcı görünmür.

Burada oxuculara da maraqlı olar deyə, KTMT-lə bağlı bəzi reallıqları diqqətinizə çatdırmaq istəyirəm.

Deməli, KTMT ölkələrinin ordusunun ümumi sayı 1 milyon 256 min nəfərdir ki, onların da 80 faizi Rusiya hərbçiləridir. 2020-ci ilin məlumatlarına görə, təşkilatın büdcəsi təxminən 429 milyon rus rublu və ya 6 milyon 383 min dollar təşkil edib.

...Və müqayisə üçün: NATO hərbçilərinin sayı 3 milyon 462 min nəfərdir ki, onların da 40 faizini Amerika hərbçiləri təşkil edir. Mütləq hesabla, NATO-nun 2020-ci ildə hərbi xərcləri 1,107 trilyon dollar təşkil edib.

Ağasəf Babayev