Novxanıda yerləşən hoteldəki yanğında 50 nəfər təxliyə edilib - FOTO-VİDEO

30 Sentyabr 2022 00:08 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “Spring” hotelində yanğın baş verməsi barədə məlumat daxil olub. SİA nazirliyə istinadla xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində hotel binasına bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, habelə hotel binasına keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 25 kvadratmetr olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60 kvadratmetr sahədə əriyib. Yanğın zamanı tikilinin 2-ci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Ümumi sahəsi 4200 kvadratmetr olan 4 mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və hotel binası yanğından mühafizə olunub.