"Qalatasaray" vida matçı təşkil edəcək

30 Sentyabr 2022 00:02 (UTC+04:00)

Türkiyə "Qalatasaray"ı sabiq futbolçusu Arda Turan üçün vida oyunu təşkil edəcək. SİA-nın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun rəsmi yutub kanalına açıqlama verib.

Funksioner bildirib ki, "sarı-qırmızılılar" bu cür məsələlərə həssas yanaşır: "Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada "Atletiko" (Madrid) və "Barselona" kimi komandalarda oynayıb. Çox vacib oyunçudur. Bu cür futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir".

Qeyd edək ki, Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə "Qalatasaray"dan başqa, "Manisaspor" və "Başakşehir"in də formasını geyinib.