Anar Kərimov UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin konfransında iştirak edib

29 Sentyabr 2022 23:32 (UTC+04:00)

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində keçirilən UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak edib. SİA xəbər verir ki, bu barədə Anar Kərimov tviter hesabında yazıb.

“UNESCO-da Azərbaycanı təmsil etməkdən şərəf duyuram. Meksikada Mədəniyyət Nazirlərinin Konfransı keçirilib. 24 illik fəaliyyətdən sonra mədəniyyət nazirləri sülhün və davamlı inkişafın təmin edilməsində mədəniyyətin rolu haqqında fikirləşmək üçün bir araya gəliblər. Mondiacult 2022 liderliyinə görə Meksikanı təbrik edirik”, - Anar Kərimov yazıb.

Qeyd edək ki, "Mondiacult 2022" UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəf seçib. Konfransda 160-a yaxın ölkənin mədəniyyət nazirləri daxil olmaqla, 1 500-dən çox qonaq iştirak edir.