ABŞ-ın “canfəşanlığı” – bəs məqsədi nədir? SİYASİ RAKURS+ÖZƏL

29 Sentyabr 2022 16:15 (UTC+04:00)

Bütün hallarda rəsmi Vaşinqton Azərbaycanın irəli sürdüyü tələblərinə sayğıyla yanaşmalı və ölkəmizin regional maraqlarına qarşı əks mövqe sərgiləməkdən, yaxud Ermənistanın təxribatçı əməllərinə özünəməxsus don geyindirməkdən yayınmalıdır

Sayca 4-cü Brüssel görüşündən sonra Ermənistanın Azərbaycana qarşı sonuncu təxribatı mövcud danışıqlar trayektoriyasının dəyişilməsi ilə müşahidə olundu. Artıq Vaşinqton Avropa İttifaqını kənara itələməklə Ermənistanla Azərbaycan arasındakı məlum münasibətləri normallaşdırmaq vəzifəsini öz üzərinə götürdüyünü nümayiş etdirməyə çalışır. Halbuki, 12-14 sentyabr hadisələrinə qədər ABŞ-ın üst siyasi dairələri Brüsselin fəallığını dəstəkləyir, həmin istiqamətdə atılan addımlara dəstək göstərdiyini bəyan edirdilər.

Ola bilsin ki, Vaşinqton təşəbbüsü Brüsseldən almaq üçün öz maraqlarını işə alıb

Maraqlıdır ki, məhz Nensi Pelosinin İrəvana səfərinin ardınca Ermənistan rəhbərliyi yenidən əvvəlki, hətta belə desək, 2020-ci ilin 27 sentyabrına qədərki ritorikasına geri qayıtdığını açıq nümayiş etdirməyə başlayıb. Bunun ardınca isə ABŞ-ın dövlət katibi Entoni Blinkenin, habelə Pentaqon rəsmilərinin fəallığı müşahidə edilir. Etiraf edək ki, bu amilləri həm də əvvəlcədən planlaşdırılmış cəhd kimi də göstərə bilərik. Yəni, proseslər özü-özündən inkişaf etmir. Ola bilsin ki, Vaşinqton təşəbbüsü Brüsseldən almaq üçün öz maraqlarını işə alıb. Lakin bu maraqların tərəfsizliyinə, səmimiliyinə inanmaq əslində bir qədər çətindir, xüsusilə Nensi Pelosinin Ermənistana səfərindən sonra.

ABŞ eyni zamanda, Azərbaycanın da maraqlarına xüsusi önəm ayırmalı, Bakının nəinki regional, həm də dünyəvi əhəmiyyətini nəzərə almalıdır

Dünyada baş verən və bir-birini tez-tez dəyişən hadisələrin fonunda daha bir faktor da dayanır – Rusiyanın Ukraynada hərbi əməliyyatları və Moskvanın Cənubi Qafqaz regionuna diqqət ayırması imkanının azalması. Biz burada Baydenin Nikol Paşinyana Ermənistanın “müstəqillik günü” münasibəti ilə göndərdiyi məktubundakı bəzi məqamları da diqqətə ala bilərik. Həmin məktubda ABŞ prezidentinin “rifah və dinc gələcək naminə Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırma”lı olması fikirləri yer alıb. Yəni ABŞ dərk edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması onun Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından, o cümlədən, enerji resursları cəhətindən asılılığını aradan qaldıra bilər. Lakin ABŞ eyni zamanda, Azərbaycanın da maraqlarına xüsusi önəm ayırmalı, Bakının nəinki regional, həm də dünyəvi əhəmiyyətini nəzərə almalıdır. Birtərəfli qaydada gedişlər etmək isə sadəcə boş əmək sərfidir desək, heç də yanılmarıq. Məhz bu baxımdan, Birləşmiş Ştatların dövlət başçısının regional proseslərə ikiqat daha çox diqqət ayırmaq niyyətində olmasını öz məktubunda qeyd etməsi arxasında daha bir məqam dayanır - bu məqam həmin strategiyanın Azərbaycana necə təsir göstərməsi sualının yaranmasıdır...

Vaşinqton digər regionlarla yanaşı, Cənubi Qafqaz regionu ilə də bağlı məqsədlərinin nədən ibarət olduğunu tam təfsilatı ilə bəyan etmir

Bəli, bunun müsbət yönü ola bilər, amma mənfi cəhətlərinin də olduğunu unutmamalıyıq. Müsbət cəhət mövcud vəziyyətin normallaşdırılması və tənzimlənməsidir. Lakin ABŞ-ın səmimiliyinə inamın az olmasının tərəflərindən biri budur ki, Vaşinqton digər regionlarla yanaşı, Cənubi Qafqaz regionu ilə də bağlı məqsədlərinin nədən ibarət olduğunu tam təfsilatı ilə bəyan etmir. Təkcə növbəti bir fakta da diqqət yetirsək bunun şahidi olarıq. Məsələn, Baydenin yuxarıda qeyd edilən təbrik məktubunda “Dağlıq Qarabağ” və “münaqişə” ifadələri yer alıb. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev bu ifadələrin artıq tarixdə qaldığını bəyan edib. Həmçinin, Azərbaycan üçün “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını bildirib, üstəlik, Qarabağ Azərbaycanın iqtisadi zonası olaraq bəyan edilib. Baydenin belə bir məsələni diqqətə almaması təəccüb doğurur və bununla yanaşı, ABŞ-ın Azərbaycana yönəlik siyasətində qeyri-səmimiliyi nümayiş etdirir.

Təbii ki, Bakı əsla Vaşinqtonun bu cür davranışını qəbul edə bilməz və etməyəcək də. Yəni Azərbaycan ABŞ-ın bu kimi rəsmi mövqeyinə düzəlişlərin edilməsi üzərində cəhdlərini artırmaqda davam edəcək. Bütün hallarda rəsmi Vaşinqton Azərbaycanın irəli sürdüyü tələblərinə sayğıyla yanaşmalı və ölkəmizin regional maraqlarına qarşı əks mövqe sərgiləməkdən, yaxud Ermənistanın təxribatçı əməllərinə özünəməxsus don geyindirməkdən yayınmalıdır.

Rövşən RƏSULOV