BŞGİBİ yarım il ərzində idmanda nə kimi işlər görüb? - QURUM RƏSMİSİ AÇIQLADI

29 Sentyabr 2022 16:18 (UTC+04:00)

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi hər zaman gənclərdə və vətəndaşlarda idmana olan marağın inkişafı istiqamətində bir sıra lahiyələr həyata keçirir. Bəs gəlin görək Bakı şəhər Gənclər və İdman Baş İdarəsi 2022-ci il çərçivəsində bu aya qədər nə kimi lahiyələr həyata keçirib? Baş tutan lahiyələr hansı idman növlərini əhatə edib? Mövzu ilə əlaqədar olaraq SİA Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə müraciət edib. SİA-nın sorğusuna Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səadət Qurbanova cavab verib.

Qurum rəsmisi qeyd edib ki, 2022-ci il ölkəmizdə cənab Prezident tərəfindən "Şuşa ili" elan olunmasını nəzərə alaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən, həm dövlət gənclər siyasəti ilə bağlı, həm də idman və kütləvi bədən tərbiyəsi ilə bağlı silsilə tədbirlər həyata keçirib. Bu tədbirlər həm kütləviliyin, eyni zamanda ayrı-ayrı federasiyaların müştərək layihələrin gerçəkləşməsindən ibarət olmuşdur. Bilirsiniz ki, torpaqların işğaldan azad olunmasından sonra bir çox tədbirlərimiz məhz hərbi vətənpərvərlik, şəhidlərin xatirəsinə həsr olunmuş, eyni zamanda qazilərimizin idmana cəlb olunması ilə bağlıdır. Bu lahiyələr mütləq olaraq davamlı şəkildə il ərzində yenə də mütəmadi olaraq keçiriləcək.

Səadət xanım qeyd edib ki, həmçinin bundan sonra da Bakı şəhər Gənclər və İdman Baş İdarəsi cənab Prezident tərəfindən imzalanmış sərəncam, fərman, anım və bayram günlərini əhatə edən layihələrdən irəli gələn tədbirlərin, o cümlədən də müraciət ediləcək hər hansı bir əlavə maraqlı layihələrin dövlət siyasətinin prioritet istiqamətlərinə aid olduğunu nəzərə alaraq həmin layihələrin gerçəkləşməsinə də dəstək verəcək.

Mətbuat katibi 2022-ci ilin yanvar-may ayları ərzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə keçirdiyi tədbirlərdən söz açıb. Belə ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin yarım il ərzində təşkil etdiyi kütləvi bədən tərbiyəsi sahəsi üzrə keçirilmiş tədbirləri bunlardır:
20 yanvar-Ümumxalq Hüzn gününə, 26 fevral-Xocalı soyqırımına , 5 mart-İdman gününə, Novruz bayramına, Milli Qəhrəman və şəhidlərin xatirəsinə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə, 28 may – Respublika gününə həsr olunan bir sıra tədbirlər təşkil olunub.

Kütləvi tədbirlərin daha çox vətəndaşların istirahət etdiyi məkanlarda təşkili, yarışlarda bütün kateqoriyadan olan insanların – uşaq, yeniyetmə, gənclər və böyüklərin, eləcə də veteran idmançıların qatılmasının təmin edilməsi xüsusilə diqqət mərkəzindədir. Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Böyük Şor Parkının ərazisində paytaxt sakinləri arasında “İdman Festivalı” keçirilib. “İdman Festvalında” taekvondo, karate, kapoeyra və s. idman növlərindən nümunəvi çıxışlar və atletika, kəndirdartma, tir atıcılığı, darts üzrə yarışlar təşkil olunub.

Daha sonra Səadət xanım BŞGİBİ-nin idman sahəsi üzrə keçirdiyi tədbirlərdən söz açıb. O qeyd edib ki, idman sahəsi üzrə cəmi 45 yarış keçirilib. Həmin yarışlar çərçivəsində müxtəlif idman növləri üzrə ölkə çempionatı, birincili və kubok yarışları keçirilib. Ümumilikdə 114 yarışdan 36-sı olimpiya və 78 yarış isə qeyri olimpiya növləridir.