Quba rayonundakı dövlət tibb müəssisələrinə media-tur təşkil olunub - FOTOLAR

29 Sentyabr 2022 16:07 (UTC+04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə Quba rayonuna media-tur təşkil olunub. SİA xəbər verir ki, media-turun məqsədi media nümayəndələrini Quba rayonunda yerləşən dövlət tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.

Səfər çərçivəsində media nümayəndələri Quba Rayon Mərkəzi Xəstəxanası, Quba Müalicə-Diaqnostika Mərkəzi və Quba Regional Perinatal Mərkəzdə olublar.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli media nümayəndələrinə bildirib ki, müasir səhiyyəinfrastrukturunun mövcudluğu və kadr təminatı icbari tibbi sığortanın uğurlu tətbiqini şərtləndirən əsas amillərdəndir:

“İcbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır. Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu və kadr təminatı ilə bağlıdır. Ölkə başçısının tapşırğı ilə Quba ilə yanaşı respublikanın digər bölgələrində də müasir yeni avadanlıqlarla təchiz edilmiş xəstəxanalar inşa olunub və ya əsaslı şəkildə təmir olunub. Sevindirici haldır ki, Quba Rayon Mərkəzi Xəstəxanasında yaradılan bu şərait, yüksək ixtisaslı kadrların olması şimal bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir”.

H.İbrahimlinin sözlərinə görə, Quba rayonunda icbari tibbi sığorta tətbiq olunmağa başlayandan sonra müraciətlərin sayı kəskin çoxalıb:

“Əvvəlki illərlə müqayisədə müraciətlərin sayı bir neçə dəfə artıb. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 44 810müraciət daxil olmuşdusa, 2020-ci ildə müraciətlərin sayı 147 903-ə yüksəlib. Son 3 il ərzində xəstəxanaya 470 045 müraciət daxil olub. Müraciətlər üzrə 1 474 148 ambulator, 47 241stasionar xidmət göstərilib. Son 3 il ərzində 14 211 cərrahi əməliyyat icra olunub”.

Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov qeyd edib ki, rayon ərazisində 4 Ailə Sağlamlıq Mərkəzi, 18 kənd həkim məntəqəsi və 92 kənd tibb məntəqəsi ilkin tibbi-sanitariya yardımı üzrə fəaliyyət göstərir: “Quba rayonunda icbari tibbi sığortanın tətbiqinə 2020-ci ildən başlanılıb. Sistemin tətbiqi ilə əlaqədar olaraq tibb müəssisəsinin inzibati strukturuna dəyişiklik edilərək yenidən qurulub. İlkin tibbi-sanitariya yardımınıngücləndirilməsi və icbari tibbi sığortanın tətbiqini effektiv təmin etmək məqsədi ilə xəstəxananın tərkibində Ailə Sağlamlıq Mərkəzləri, Sığortanın təşkili və innovasiya, Xəstə xidmətləri şöbələri yaradılıb. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə xəstəxananın qəbul şöbəsinin bazasında Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi yaradılıb. Burada xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. Həmçinin xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra Vərəm əleyhinə bakterioloji laboratoriyafəaliyyətə başlayaraq, son nəsil avadanlıqlarla təmin olunub”.

Məlumat verilib ki, tibb müəssisəsi 20 şöbədən ibarətdir. Ümumilikdə 331 çarpayılıq xəstəxanada Radiologiya, Laboratoriya, Terapiya, Travmatologiya, Cərrahiyyə, Reanimasiya, Uşaq, Yoluxucu, Nevrologiya, Doğum, Hemodializ və digər şöbələr fəaliyyət göstərir.

Media-tur zamanı jurnalistlər xəstəxananın şöbələrini gəzib və icbari tibbi sığortanın tətbiqindən sonra burada quraşdırılan müasir tibbi avadanlıqlar və cihazların xüsusiyyətləri barədə məlumatlandırılıblar. Ağır xəstələrə dərman maddələrinin uyğun dozada yeridilməsi üçün Reanimasiya şöbəsi infuzomatlarla təchiz edilib. Həmçinin şöbədə 15 ədəd süni tənəffüs aparatı quraşdırılıb.

Bildirilib ki, xəstəxana EMQ (Elektromioqrafiya), EKQ (Elektrokardioqramma), USM (Ultrasəs müayinəsi), Rentgenoskopiya, Kolonoskopiya, KT (Kompüter tomoqrafiyası) və göz müayinələri üçün lazımi avadanlıqlarla təchiz olunub. Xəstəxanada rayon və şimal bölgəsinin sakinlərinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb.

Quba Regional Perinatal Mərkəzi ilə tanış olan media nümayəndələrinə Mərkəzin direktoru Şəhla Həsənova bildirib ki, şimal bölgəsinin yeganə üçüncü səviyyəli doğuşayardım müəssisəsində ağır hamiləlik patologiyası olan hamilələrə ixtisaslı yardım göstərilir.

“İcbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan bu günədək 7687 hamiləyə stasionar şəraitdə xidmət göstərilib. Bunlardan 75%-i risk qrupuna aid hamilələr olub. Qəbul olunan doğuş sayı isə 6863 olub. İcra olunan qeysəriyyə kəsiyi əməliyyatının sayı isə 2021 təşkil edib. Yenidoğulmuşların reanimasiya şöbəsində isə 1181 körpə müalicə alıb. Qeyd olunan müddət ərzində heç bir ana ölümü baş verməyib”.

Qeyd olunub ki, Mərkəz davamlı olaraq yeni avadanlıqlarla təchiz edilir ki, bu da tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Ş. Həsənova əlavə edib ki, ötən il Mərkəz yenidoğulmuşların təxliyyəsi üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobili ilə təmin olunub. İnkişaf qüsuru ilə doğulan və təcili cərrahi müdaxiləyə ehtiyacı olan körpələr Mərkəzin mütəxəssisləri tərəfindən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyyə olunurlar.

Media-tur çərçivəsində media nümayəndələri Quba RMX-də oftalmoloji müayinə olunublar.