Bütün növ pensiyalarda artımlar olacaq

29 Sentyabr 2022 15:49 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10 faizlik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70 faiz artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98 faiz artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.

Beləliklə, layihə qəbul ediləndən sonra qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə- həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək.

Pensiyaların məbləği hər il vahid qaydada- indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı.

Dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq.

Pensiyaçılar və onların xidmət keçdiyi orqanların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq.

Bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 28-də Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, sənəd pensiyaçıların rifahının daha da yaxşılşadırılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsinə görə, minimum və orta aylıq pensiyanın məbləğinin yüksəldilməsini nəzərdə tutulur.

“Ölkəmizdə bütün növ pensiyaların məbləği 370 manata yaxınlaşır. Pensiyaların məbləğinə görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur”,- deyə nazir müavini qeyd edib.

Qeyd etməliyik ki, son 1 ildə dünyada baş verən proseslərlə bağlı bir çox məhsulların qiymətində artım baş verib. Gündəlik tələbat məhsulları, xüsusən də, ərzaq məhsullarının qiymətində xeyli bahalaşma qeydə alınıb. Nəticədə, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyəti çətinləşib. Bunun qarşısını almaq üçün ilk növbədə maaş və pensiyaların artırılmasına ehtiyac var idi. Artıq pensiyaların artırılması üçün işə başlanıb. Şübhə yoxdur ki, əməkhaqlarının da artımı ilə bağlı müvafiq qərar veriləcək. Bundan başqa, maaş artımlarının dövlət büdcəsindən əməkhaqqı almayan işçilərin, özəl sektorda və sair yerlərdə işləyən işçilərin də əməkhaqında artımın olması üçün hazırda 300 manat təşkil edən minimum əməkhaqqının artırılmasına ehtiyac var.

Bu artımlar edilsə, əhali inflyasiyanın təsirindən sığortalanmış olar və sosial vəziyyət daha da yaxşılaşar.

Elçin Bayramlı