Səfərbərlik və milli azlıqlar - ANALİTİK

29 Sentyabr 2022 15:10 (UTC+04:00)

Ukraynada aparılan hərbi əməliyyatlarda (dünya ölkələri isə bunu böyük müharibə adlandırır) iştirak etmək üçün Rusiyada səfərbərlik elan olunduqdan sonar ötən bir həftə ərzində ölkədən qaçanların, müharibədə iştirak etməkdən yayınanların sayı yüz minlərlə ölçülür. Prezident Putinin “qismən səfərbərlik” elan etməsindən sonra ölkədən qaçan Rusiya vətəndaşlarının sayında kifayət qədər artım olub. O da məlumdur ki, qaçaqlar arasında ən imkanlı və savadlı şəxslər üstünlük təşkil edir.

“Səfərbərlikdən gizlənən Rusiya vətəndaşlarının ABŞ-dan sığınacaq almaq üçün müraciət edə bilmələri üçün imkanlar yaradılıb”. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib. “Biz inanırıq ki, vətəndaşlığından asılı olmayaraq, onlar ABŞ-da sığınacaq üçün müraciət edə bilərlər və hər bir müraciətə ayrı-ayrılıqda baxılacaq”, deyə mətbuat katibi bildirib. Əlavə edib ki, ABŞ hakimiyyəti "sığınacaq istəyən hər kəsi" salamlayır.

Rusiyada səfərbərlik sentyabrın 21-də elan edilib. O vaxtdan bəri minlərlə insan ölkəni tərk edib. Yalnız qonşu Qazaxıstan, Gürcüstan, Monqolustan və Finlandiya 200 minə yaxın rus qəbul edib. Bəzi Aİ ölkələri, xüsusən də Latviya və Çexiya səfərbərlikdən gizlənən ruslara viza verməyəcəklərini bildiriblər. Öz növbəsində Avropa Komissiyası bildirib ki, Avropa İttifaqı səfərbərlik kontekstində sığınacaq istəyən rusların ölkəyə giriş hüququna zəmanət verməlidir.

Almaniya
Almaniya hakimiyyəti müəyyən şərtlər daxilində Rusiya ordusundan fərarilərə sığınacaq verməyə hazır olduqlarını bildirib. “Bir qayda olaraq, ağır repressiyalarla təhdid edilən fərarilər Almaniyada beynəlxalq müdafiə alırlar. Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də özünü böyük təhlükə qarşısında qoyan hər kəs siyasi təqiblərə görə Almaniyadan sığınacaq ala bilər”, – daxili işlər naziri Nensi Feather bildirib.
Oxşar bəyanatı Almaniyanın insan haqları təşkilatı Pro Asyl verib və bütün Aİ ölkələrini səfərbərlikdən gizlənən ruslara sığınacaq verməyə çağırıb: “Aİ qanunvericiliyinə görə, beynəlxalq hüququ pozan müharibədən yayınanların sığınacaq və müdafiə hüququ var. Bu mənada Almaniya və Avropa Rusiyanın təcavüzkar müharibəsindən qaçan insanların qeyri-bürokratik qəbulunu təşkil etməlidir”.
Almaniyanın ədliyyə naziri Marko Buşman tvitter hesabında yazıb ki, “Putinin tutduğu yola nifrət edən və liberal demokratiyanı sevən” ruslar Almaniyada xoş qarşılanacaq. Almaniyada səfərbərlikdən gizlənən rusların qəbulu ilə bağlı hələlik rəsmi qərarlar qəbul edilməyib.

Çexiya
Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, ölkə səfərbərlikdən gizlənən ruslara humanitar viza verməyəcək: “Mən başa düşürəm ki, ruslar Putinin çıxılmaz qərarlarının gətirdiyi şeylərdən qaçırlar. Lakin öz dövlətinin qoyduğu öhdəliyi yerinə yetirmək istəmədiyi üçün ölkədən qaçanlar humanitar vizanın verilməsi şərtlərinə cavab vermir”.
Baş nazir Petr Fiala bildirib ki, Çexiya bu cür insanlarla digər sığınacaq axtaranlar kimi davranacaq: “Onların müraciətlərinə standart prosedurun bir hissəsi kimi baxılacaq”.

Latviya
Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Tvitter hesabında yazıb ki, ölkə rusiyalı qaçqınlara viza verməyəcək: “Təhlükəsizliyə görə, Latviya səfərbərlikdən yayınmağa çalışan Rusiya vətəndaşlarına humanitar viza və ya hər hansı digər viza verməyəcək. Həmçinin, Latviya Şengen vizası olan rusların sərhədi keçməsinə qoyulan qadağanı ləğv etməyəcək”.

Oxşar fikri müdafiə naziri Artis Pabriks də bildirib. O, bəyan edib ki, Latviya sığınacaq üçün müraciətlərə baxarkən mümkün qədər mühafizəkar və ehtiyatlı olmalıdır: “Bir tərəfdən, sığınacaq üçün müraciətlərə baxılmalı olan beynəlxalq normalar var. Digər tərəfdən, biz başa düşməliyik ki, rusların əksəriyyəti Putin rejiminə qarşı deyil və bizim dəyərlərimizin tərəfdarı deyil. Onların necə insanlar olduğu da məlum deyil, ona görə də ərazimizdə müxtəlif növ filtrasiya tələb oluna bilər”.

Estoniya
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu səfərbərlikdən qaçan rusların ölkəyə buraxılmayacağını bildirib: “Rusiyada vətəndaşlıq borcunu yerinə yetirməkdən imtina etmək və ya bunu etmək istəyi başqa ölkədə sığınacaq vermək üçün kifayət qədər əsas deyil”.

Litva
Litva Xarici İşlər Nazirliyi bəyan edib ki, Vilnüs “onlar üçün müraciət edən bütün Rusiya vətəndaşlarına humanitar viza vermək məqsədi və ya imkanı yoxdur: "Litva milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq və təqib olunan vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri üçün qapıları açıq qoymaq üçün bütün hallar nəzərə alınmaqla Rusiya vətəndaşlarının bəyanatlarına adi qaydada baxılacaq".

Finlandiya
Xarici İşlər Nazirliyinin konsulluq xidmətinin rəhbəri Yussi Tanner bildirib ki, Finlandiya rusiyalı kişilərin Rusiyaya qayıtmayacağına inanmaq üçün əsas olarsa, onlara turist vizası verməyəcək. Onun sözlərinə görə, son vaxtlar belə bəyanatların sayı artıb. “Belə bəyanatlar var ki, insanlar Rusiyadan çıxmaq istəyirlər və oraya qayıtmaq fikrində deyillər. Bu cür müraciətlərlə bağlı qərar mənfi olacaq”. Rəsmi vurğulayıb ki, səfərbərliyə məruz qalan insanların Rusiyadan qaçması Ukrayna üçün müsbət amil ola bilər, lakin viza qanunlarına hələ də riayət etmək lazımdır.

Avropa Komissiyası

Avropa Komissiyasının sözçüsü Anita Hipper bildirib ki, Aİ səfərbərlik şəraitində sığınacaq istəyən rusların ölkəyə giriş hüququnu təmin etməlidir: “Aİ-yə səyahət edən və beynəlxalq müdafiə tələb edən insanlara gəldikdə, bu onlara təmin edilməlidir. Artıq Aİ-yə üzv dövlətlər bu insanlara humanitar vizaların verilməsi imkanlarını müzakirə edirlər. Sərhədi keçməyə gəlincə, bu qərarı konkret ölkələrin hakimiyyət orqanları fərdi qaydada və Avropa İttifaqının qanunlarına uyğun olaraq qəbul etməlidir”.

Rusiya sakinləri səfərbərliyi elan edildikdən sonra etiraz aksiyaları keçirməyə başlayıblar. “Vesna” hərəkatı səfərbərliyə qarşı ümumrusiya etiraz aksiyası keçirməyə çağırıb. Aleksey Navalnının komandası da rusları etiraza çağırıb, “hər hansı formada etirazı” dəstəkləyəcəklərini vəd edib. “Əgər siz böyük işlər görməyə, o cümlədən hərbi komissarlığı yandırmağa hazırsınızsa, biz bunu dəstəkləyirik və müəyyən köməklik göstərməyə də hazırıq”.

Ekspertlər bunun sonda nə ilə nəticələnə biləcəyi haqqında

Qazaxıstan hakimiyyəti Rusiya vətəndaşlarının respublikaya kütləvi axını ilə bağlı Moskva ilə danışıqlar aparmaq niyyətindədir, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib. Tokayevin sözlərinə görə, rusların əksəriyyəti “hazırkı ümidsiz vəziyyətə görə oranı tərk etmək məcburiyyətindədir”.

Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda elan etdiyi səfərbərlik Ukraynada müharibəyə getmək istəməyən insanların bir növ etirazı ilə qarşılanıb. Qazaxıstan Rusiya vətəndaşlarının getmək istədiyi istiqamətlərdən biridir. Onlar bundan başqa Gürcüstan, Ermənistan, Finlandiya, Monqolustan və digər ölkələrə də qaçırlar. Bu prosesə paralel olaraq Rusiyada minlərlə müharibə əleyhdarı etiraz aksiyalarına çıxıblar. Təkcə Dağıstanda son 24 saat ərzində mitinqlərdən sonra 90-a yaxın adam saxlanılıb. Həbslər polislə toqquşmalarla müşayiət olunub. Sentyabrın 21-dən bəri davam edən etiraz aksiyalarında artıq iki mindən çox insan saxlanılıb. Hüquq müdafiəçiləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının əsassız olaraq sərt hərəkətləri ilə bağlı çoxlu halları da qeyd edirlər.

Monqolustanın sabiq prezidenti Tsaxiaqiyn Elbeqdorj Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən tuvanları, buryatları və kalmıkları Rusiyadan qaçmağa çağırıb. Onun videomüraciəti Dünya Monqol Federasiyasının YouTube kanalında dərc olunub.

Tsaxiaqiyn Elbeqdorj Ukraynaya dəstək olaraq sinəsindəki mavi və sarı lentlə Rusiya xalqına ingilis dilində müraciət edib. Onun sözlərinə görə, müxtəlif ölkələr Rusiya hakimiyyətinin müharibəyə göndərdiyi azsaylı millətlərin nümayəndələrini qəbul etməlidir. Xüsusilə Monqolustan qaçqınlara sığınacaq verməyə hazırdır: “Mən bilirəm ki, bu qanlı müharibə başlayandan bəri ən çox Rusiyada yaşayan etnik azlıqlar əziyyət çəkib. Buryat monqolları, tuva monqolları və kalmık monqolları artıq xeyli əziyyət çəkiblər, onlardan sadəcə yem kimi istifadə olunur, yüzlərlə insan yaralanır, minlərlə adam öldürülür”.

O, həmçinin Ukrayna ərazisində olan rus hərbçilərinə yerli sakinlərə atəş açmamağa və onların azadlığını əlindən almamağa çağırıb. Elbeqdorj Ukraynanın mövcud olmağa tam haqqı olduğunu qeyd edib və ukraynalılara və prezident Vladimir Zelenskiyə göstərdikləri cəsarətə görə təşəkkür edib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre dünən bildirib ki, Vaşinqton Kremlin hərəkətləri ilə Rusiya vətəndaşları arasında bölücü xətt çəkir: “Biz Rusiya hökumətinin və onun Ukraynadakı silahlı qüvvələrinin hərəkətlərinə, ədalətsiz müharibəyə qarşı çıxan Rusiya vətəndaşları arasında aydın fərq qoyuruq”.

Qadınlar müharibəyə qarşı

Rusiyada müharibə əleyhinə hərəkatın tərkibində qadınların çox olması tamamilə təbiidir. Hüquq müdafiəçisi Natalya Pelevinanın fikrincə, səfərbərliklə bağlı ailələri üçün real təhlükənin dərk edilməsi qadınları qəti addımlar atmağa sövq edib: "Oğullarını, ərlərini, qardaşlarını tamamilə mənasız müharibəyə göndərməyə gəldikdə, əlbəttə ki, qadınlar kəskin reaksiya verməli oldular, bu baş verdi. Üstəlik biz görürük ki, məsələn, Dağıstanda qadınlar açıq şəkildə müharibəyə qarşı çıxırlar, deyirdilər ki, Ukrayna bizə hücum etməyib, biz niyə Ukraynaya hücum etdik. Belə çıxır ki, mərkəzdən uzaqda yerləşən bölgələrdə insanlar reallığı təsəvvür edə biləcəyimizdən qat-qat artıq başa düşürlər və Kreml yönümlü təbliğat heç də hər şeyə qadir deyil”.

"Buryatiya sakinləri Ukraynaya döyüşməyə getməmək üçün ordu müqavilələrindən imtina edirlər". Bunu Azad Buryatiya Fondunun rəhbəri Aleksandra Qarmazhapova deyib.

O bildirib ki, bir çox buryatlar müqavilələrdən imtina etməyə çalışırlar: "Bu yaxınlarda mənə müqaviləli əsgər yazıb, bildirib ki, müqaviləni ləğv edir. Və dedi ki, mən işğalçı olmaq istəmirəm, xüsusən də Rusiyada irqçiliklə qarşılaşdığım üçün bu mənim üçün kifayətdir. Mən başa düşmürəm ki, biz Ukraynanı niyə “deazifikasiya edirik”.

Onun məlumatına görə, Buryatiyanın 300-dən çox hərbi zabiti Ukraynaya xidmətə getməmək üçün müqavilənin ləğvinə kömək etmək xahişi ilə indi ona müraciət edib.

Bəli, dünya ölkələri, Rusiyadan incik düşən, yaxud bu ölkəni özünə düşmən bilənlər Putinin elan etdiyi səfərbərlikdən bir cür yararlanmağa çalışırlar. Rusiya ərazisində yaşayan milli azlıqların dərdi isə bambaşqadır. Rusiya ordusunun tərkibində Ukraynada gedən müharibədə iştirak edən, yaralanan, həyatını itirənlərin milli mənsubiyyətinə nəzər salsaq burada birbaşa millətçilik simptomları tapmaq olar. Ölənlər arasında qeyri-rusların üstünlük təşkil etməsi ucqarları da hərəkətə gətirib. Bu isə muxtar qurumlarda etiraz dalğasının başlanmasına təkan verib. Moskvanın bu məsələyə reaksiyasını eşitmək çox maraqlı olardı...

V.VƏLİYEV