Qələbəyə aparan yol ŞƏRH

29 Sentyabr 2022 15:34 (UTC+04:00)

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından iki il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan qovublar.Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrısı, acısı hiss olunmasın. Savaş dövründə dünyaya milli birlik nümayiş etdirmiş Azərbaycan xalqı qazandığı parlaq qələbə ilə yenidən doğuldu, öz coğrafiyasının günəşinə çevrildi. Təbii ki, Vətən müharibəsinin zəfərlə başa çatması uzun illər həyata keçirilən mühüm missiyaların, aparılan müdrik siyasətin, dərin strateji düşüncənin, qarşıya qoyulan dəqiq hədəflərin professional şəkildə icrasından qaynaqlanırdı. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə qürur yerimiz olan Müzəffər Ordumuzun qazandığı qələbəyə aparan zəfər yolu dövlət başçımızın hakimiyyətə gəldiyi vaxtdan etibarən qarşısında dayanan ən mühüm və məsuliyyətli vəzifə torpaqlarımızın erməni işğalçılardan təmizlənməsi idi. Cənab Prezident 17 il ərzində bunu Azərbaycan xalqına etdiyi müraciətlərində, mötəbər beynəlxalq kürsülərdəki çıxışlarında dəfələrlə bəyan etmiş, ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün öz ailə üzvləri ilə bərabər bu mücadilənin önündə getmişdir. Uzun illər beynəlxalq səviyyədə həyata keçirilən irimiqyaslı layihələrin, tədbirlərin və icra olunan proqramların mahiyyətində və kökündə, təbii ki, birinci növbədə Qarabağın azad olunması dayanırdı. Bunu uzaqgörən liderin çıxışlarından aydın görmək olar. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda dövlət başçısı çıxışında deyir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Artıq həmin günün şahidi olduq.

Cənab İlham Əliyev prezident seçildikdən sonra xalqa verdiyi bütün sözləri reallığa çevirdi. 2016-cı il Aprel döyüşləri, daha sonra Günnütün azad olunması Böyük Zəfərin uzaqda olmadığına xalqımızda əminlik yaratdı. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uzun illər ərzində cənab Prezidentin ölkəmizin hərtərəfli inkişafı üçün gördüyü işlərin nəticəsidir.

Azərbaycan XXI əsrin müharibəsini aparmaqla dünyanın ən müasir və yeniliyə açıq dövlətlərdən biri olduğunu sübut etdi. Azərbaycan çağdaş dövrdə ədalətli yolla, heç bir vətəndaşı maddi sıxıntı çəkmədən və inkişafdan qalmadan, eyni zamanda pandemiya ilə ağır mübarizə şəraitində beynəlxalq qaydalara uyğun haqq savaşı aparan bir ölkə kimi dünyaya türk savaş sənətinin hansı mədəniyyətə malik olduğunu nümayiş etdirdi. Belə bir müzəffər ordunun müəllifi - Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızın azadlığı üçün göz qırpamadan canından keçən igid oğulların hər biri qəhrəmanlıq dastanı yazdı. Ermənistan silahlı qüvvələri tərəfindən başlanan əks-hücum əməliyyatlarında neçə-neçə igid oğullarımız qəhrəmanlıq salnaməsinə adlarını qızıl hərflərlə yazdırmaqla, doğma yurdumuzun bölünməzliyini bütün dünyaya sübut etdilər. Qüdrətli ordumuz əsl cəsarət və rəşadətlə tarixi torpaqlarımızı cəmi 44 gün ərzində düşmən işğalından azad etdi. İgid Vətən övladlarımızın misilsiz qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində Azərbaycan Ordusu zəfər qazandı. Qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi həkk olundu.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhları şad, məkanları cənnət olsun igid Vətən oğullarımızın!

Fəxrəddin Vəliyev

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri