"Şuşa Azərbaycanın həyatında mühüm rol oynamağa davam edəcək" - DEPUTAT ŞƏRH ETDİ

29 Sentyabr 2022 14:46 (UTC+04:00)

"Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə işğaldan azad olunmuş bölgələrimizə səfər edib və o səfərlərdən Şuşanı xüsusi qeyd etməliyik". Bu fikirləri SİA-ya açıqlamasıda Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı və Mehriban xanım Əliyeva Şuşada bir çox tikintisi davam edən obyektlərlə tanış olub: "Şuşa Şəhəri Dövlət Qoruq İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında gedən bərpa işləri ilə, Şuşada 1 saylı tam orta məktəbin binasının tikinti işləri ilə maraqlanıblar. Mədəniyyət paytaxtı hesab edilən Şuşa ölkənin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır. Bu şəhər ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətlərin, ziyalıların vətənidir. 1 nömrəli tam orta məktəbin tikintisi və onun yaxın zamanda istifadəyə verilməsi maarifçilik ənənəsinin başlanğıcı sayılır. Təbii ki, ölkə başçısı və birinci xanım Mehriban Əliyeva bu ənənənin yenidən Şuşaya qayıtmasında önəmli rol oynayır.

Cənab İlham Əliyev və Mehriban Əliyeva Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulan komplekslə tanış olub. Bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdır. Bundan əlavə bir çox yeni tikililərin təmir-bərpa işləri ilə tanış olmuşlar. Qeyd edim ki, bunların hər biri ölkə başçısının xüsusi diqqəti və nəzarəti altındadır. Şuşa şəhəri özünün ənənəvi, gözəl görünüşünə qayıdacaq. Bu şəhər tam bərpa olunduqdan sonra əvvəlki kimi Azərbaycanın ictimai, siyasi, mədəni həyatında mühüm rol oynamağa davam edəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onu deməyə əsas verir ki, burada aparılan işlər məhz dövlət başçısının birbaşa nəzarətindədir. Yaxın zamanlarda həmin bölgələrimiz sözün əsl mənasında cənnətə çevriləcək. Təkcə xalqımızın deyil, həm də ölkəmizə gələn qonaqların diqqət mərkəzində olacaqdır”.