"Azərbaycan 44 gündə Cənubi Qafqazın geosiyasi nizamını dəyişdi" AÇIQLAMA

29 Sentyabr 2022 15:10 (UTC+04:00)

“27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Bu tarixlə bir əsrdən artıq ermənilərin Azərbaycan xalqı üzərində hərbi və psixoloji üstünlüyünə son qoyulduğu gündür”. Bunu politoloq Məhəmməd Əsədullazadə “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı məhz sentyabrın 27-dən başlayaraq Ermənistan və erməni xalqı üzərində siyasi hərbi və psixoloji üstünlüyü əldə etdi: “Məhz 44 gün ərzində Ermənistan 30 il ərzində formalaşdığı erməni ordusu mifi darmadağın edildi. Bu, bir daha ermənilərin bu illər ərzində formalaşdırdığı monolitliyinə, erməni diasporuna, lobbisinə də son qoydu. Azərbaycan 27 sentyabra qədərki Azərbaycanla, 27 sentyabr 2020-ci ildən sonrakı Azərbaycandan tam fərqlənir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Ümumiyyətlə, bütün prosesləri artıq Azərbaycan diktə edir. Bundan əlavə Azərbaycan Ermənistan daxilində də siyasi proseslərə təsir etmək gücünə malikdir”.

Məhəmməd Əsədullazadə onu da bildirdi ki, 44 günlük Vətən müharibəsi Ermənistan dövlətinin tamamilə zəifləməsinə, hərbi müstəvidə tamamilə çökməsinə və Azərbaycanın qarşısında diz çökməsinə gətirib çıxard: “Azərbaycan bununla bir daha Ermənistana göstərdi ki, əgər Ermənistana xaricdən dəstək olmasa idi, təbii ki, bu 30 il ərzində bu kimi siyasət yeridə bilməzdi. Azərbaycan 44 gündə, ümumiyyətlə, Cənubi Qafqazın geosiyasi nizamını dəyişdi, yeni geosiyasi, iqtisadi reallıqlar ortaya qoydu. Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində də müəyyən addımlar atdı. Azərbaycan öz ərazilərini bərpa etməklə 21-ci əsrdə tarixə öz adını qızıl hərflərlə yazdı”.