Dünən Rostov, bu gün Novosibirsk...yana-yana gedir a...

29 Sentyabr 2022 15:06 (UTC+04:00)

Bu gün, sentyabrın 29-da səhər saatlarında Novosibirsk sakini çağırış lövhəsini yandırmağa cəhd edib. O, saxlanılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Novosibir” teleqram-kanalı Novosibirsk vilayətinin hərbi komissarı Yevgeni Kudryavtsevə istinadən məlumat yayıb.

Hərbi komissarın sözlərinə görə, hərbi komissarlığın iki pəncərəsinə molotov kokteyli atılıb - nəticədə binanın çöl hissəsində 0,5 kvadratmetrlik sahədə yanğın baş verib. Yanğın tez bir zamanda söndürülüb, hərbi komissarlığın əmlakına və binalarına ziyan dəyməyib. Amma şübhəli şəxs həbs edilib və hazırda əməli ilə bağlı araşdırma aparılır.

Bu arada “Baza” rus onlayn nəşri Rostov vilayətindəki rayon administrasiyasının binasının yandırılması barədə xəbər yayıb.

Qeyd edək ki, burada da yanğının naməlum şəxs və ya şəxslər tərəfindən “Molotov kokteyli”ndən istifadə edilərək törədildiyi bildirilir. Beləliklə, burada yanğından gec xəbər tutulub deyə, idarənin ofislərindən biri tamamilə yanıb külə dönüb.

Maraqlıdır ki, artıq rus saytları da təəccüblərini gizlədə bilmirlər. Yəni, doğrudanmı, ölkənin az qala yarıdan çoxu fərari imiş? Qeyd edilməlidir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın hər yerində hərbi komissarlıqlar, polis idarələri və şəhər administrasiyasının binaları yandırılır. O da maraqlıdır ki, hələ gizlədilənlər bir yana, amma ən azı 40-dan çox yanğın cəhdi barədə mıumatlar verilib.

Yeri gəlmişkən, yandırmada şübhəli bilinərək saxlanılan şəxslər barəsində,.. yox, yox hələ ki, güllələmirlər. Onlar barəsində, hələlik özgənin əmlakına qəsdən zərər vurma və terror aktı maddələri ilə cinayət işi açırlar.

Ağasəf Babayev