Qaranlıq ölkənin ayaq üstə saxladığı nankorlar...

29 Sentyabr 2022 14:30 (UTC+04:00)

...Deməli, İrəvanda İvan Krılovun “sazəndələr”i yenə fəaliyyətdədirlər. Bu dəfə də...elə həmişə olduğu kimi hərəsi bir tərəfə dartır.

Məsələn, ötən gün ermənilərin birinci prezidenti olmuş Levon Ter-Petrosyan ermənilərin ictimai televiziyasına geniş bir müsahibə verərkən ölkəsi ilə bağlı olanları etiraf edib. Təbii ki, bu da bəzi erməniləri qane etməyib. Belə ki, onun dediklərinə əksər erməni saytlarının reaksiyası...“deyəsən, qoca artıq ağlını itirməyə başlayıb” olub.

...Və hətta Ermənistanın keçmiş baş naziri olmuş Vazgen Manukyan da Levonla aralarında olan köhnə ixtilafı yad edib, Ter-Petrosyanı müasir dünya siyasətindən çox uzaq olan qorxaqın biri adlandırdı. Niyə, çünki Levon televiziyadakı son çıxışı zamanı ermənilərin Azərbaycana təkcə hərb sahəsində deyil, həm də bütün sahələrdə uduzduğunu etiraf etdi.

Maraqlıdır ki, Vazgen ermənilərin o vaxt onu yenidən baş nazir seçmədiklərinə baxmayaraq, o “...hər şeyə rəğmən inanıram ki, bu çətin və zahirən ümidsiz vəziyyətdə belə milli və dövlət problemlərimizi həll etmək üçün imkanlar var”-deyə erməniulərə ümid verib.

Amma qeyd edilməlidir ki, ermənilərin bu çətin günündə onların üçüncü prezidenti olmuş Serjik Sarkisyan da boş-bekar dayanmır. Xalqını bu çətin vəziyyətdən qurtarmaq üçün yollar axtarır. Məsələn, o gün Serjik gözəl bir təklif verərək, “erməni cəmiyyətdəki mübarizə ruhunu qorumaq üçün hər gün işləməyin” vacibliyini bildirib.

Təklifi isə budur ki, Ermənistanın keçmiş prezidentlərinin iştirakı ilə məsləhətləşmələr aparıb çətin vəziyyətdən çıxış yollarını hərtərəfli müzakirə etmək.

Nə demək olar, gözəl təklifdir. Amma deyim ki, bu hələ hamısı deyil. Belə ki, Serjik davam edərək... “bununla paralel olaraq, sağlam düşüncəli siyasi qüvvələr, ictimai-siyasi birliklər də öz gündəlik işləri ilə cəmiyyətdə mübarizə ruhunu dəstəkləməkdə davam etməlidirlər”-deyə bildirib. Bu da gözəl.

Yeri gəlmişkən, Serjik bu və digər məsələlərin müzakirəsi ücün qapısının həmişə açıq olduğunu da bildirib. Amma maraqlıdır ki, o, Nikolun toplantıya gəlib və ya gəlməməsi ilə bağlı heç nə deməyib. Hər halda, özü demiş... qapısı açıqdır.

Bu arada deyim ki, Ermənistandakı son durumla bağlı ermənilərin ikinci prezidenti olmuş Robert Köçəryan da nəsə təklif vermək istəyib. Amam deyilənlərə görə, onun təklifləri elə də yaxşı qarşılanmayıb.

Əslində, deyim ki, günahkarın böyüyü elə Robertin özüdür. Ola bilər, bu dəfə də danışığının qaytanını buraxıb. Belə ki, deyilənlərə görə, ermənilərə əllərini rusların ətəyindən bərk yapışmağa çağıran Robert imkan varkən İranla münasibətləri dərinləşdirməyi də təklif edib.

Buna deyən gərək, ay... Nensinin İrəvanda oturduğu kürsüdəki yeri hələ soyumamış, bu nə sözdür bu danışır? Adam elə adam dilində də biz ermənilərə top-tüfəg, pul-para göndərəcəyinə söz verdi. Üstü örtülü də olsa bizə Rusiyadan, İrandan uzaq olmağı tapşırdı. Yəni deyirsən, indi durub bizi aldadacaq.

O boyda Amerika, Fransa kimi dövlətlər bizi öz yanlarında görmək üçün “minnətçi salıb”, bu da sanksiyalar altında inləyən Rusiya ilə, İranla əlaqələri genişləndirməkdən danışır. Odey, Rusiya...axır günlərin yaşayır, İrandan isə danışmağa dəyməz...ümumiyyətlə bu ölkədə elə yaranışından bəri qaranlıq hökm sürür.

...Və sonda, qeyd edək ki, rusların ermənilər üçün etdikləri dünyaya bəllidir və bu ayrıca bir yazının mövzusu da ola bilər.

Amma indi ermənilərin qaranlıq bir ölkə kimi təqdim etdikləri İran, ermənilər üçün hələ Birinci Qarabağ müharibəsindən bəri həyat yolu olub. Bunu mən yox, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da son müsahibəsində etiraf etdi. Xatırladım ki, eyni fikirləri daha sonralar həm Robert Köçəryan, həm də Serjik Sarkisyan da təkrarlamışdılar.

...Sadəcə olaraq, millət nankordur, elə...

Ağasəf Babayev