Rusiyalı ekspert: “Qərbin dəstəyi Ermənistana kömək etməyəcək” - MÜSAHİBƏ

29 Sentyabr 2022 14:20 (UTC+04:00)

Stanislav Pritçin: Ermənistan üçün strateji vəziyyət ağırdır, Azərbaycanla danışıqlar prosesinin başa çatdırılması məsələsini hansısa yolla həll etmək lazım gələcək

Tanınmış rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (İMEMO) Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin “Caliber” analitik mərkəzinə müsahibəsində regionda yaranmış vəziyyət və gedən proseslər haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Amerikalı spiker Nensi Pelosinin İrəvana son səfərinin Ermənistanı Qərbdən yardım almaqda və ölkənin KTMT-dən çıxmasında böyük dərəcədə həvəsləndirdiyi fikrini bölüşürsünüzmü?

- Bu doğru olsa belə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pelosinin Ermənistana səfəri İrəvan üçün strateji baxımdan heç nəyi dəyişmir. Bu, sırf simvolik jestdir və bu, ilk növbədə ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlıdır. Qarşıdan gələn seçkilər ərəfəsində demokratlara hakimiyyəti əldə saxlamaq lazımdır, onlara erməni seçicilərin səsi lazımdır. Çox güman ki, onlar Ermənistana kömək etmək və regiondakı vəziyyətə hansısa formada təsir göstərməkdənsə, öz maraqlarını rəhbər tuturlar.

Bundan başqa, ABŞ-ın siyasi dəstəyi Ermənistanın Azərbaycanla danışıqlar prosesində mövqeyini möhkəmləndirməsinə kömək etməyəcək və üstəlik, təhlükəsizliyini gücləndirməyə imkan verməyəcək. Deməli, istənilən halda Ermənistan Azərbaycanla danışıqlar masasına oturmalı olacaq.

ABŞ və Qərb Rusiyanın hazırda Ukrayna istiqamətində məşğul olmasından istifadə edərək, regionda mövcudluğunu genişləndirmək üçün bəzi üsulları sınaqdan keçirməyə və Moskvaya yaxın ölkələrlə işləməyə çalışır. Amma bu heç də o demək deyil ki, həmin bu Qərb regionun problemlərini həll edə biləcək. Təcrübə göstərir ki, əsas platformanın Moskvadan Brüsselə dəyişdirilməsi heç bir halda Ermənistana öz mövqelərini möhkəmləndirməyə kömək etmədi. İndi İrəvanda ABŞ-a böyük stavka edirlər, lakin bunun Ermənistan üçün effektiv olub-olmayacağı çox şübhəlidir.

Ermənistanın KTMT-dən çıxmasına və xarici siyasət oriyentasiyasının dəyişməsinə gəlincə, hesab edirəm ki, bu, kifayət qədər ritorik sualdır. Hətta mən inanıram ki, anti-Rusiya şüarlarına və KTMT-dən çıxmaq üçün yüksək səslə çağırışlara baxmayaraq, Ermənistanın başqa alternativi yoxdur. Reallıqda Ermənistanın hərbi bloka qarşı hansı iddiası olsa da, KTMT-dən çıxması qeyri-mümkündür. Bu, xarici siyasət üçün çox vacib məsələdir.

- Moskva Ermənistanın xarici siyasətinə ciddi təsir mexanizmlərindən istifadə edirmi?

- Rusiya ilə Ermənistan arasında balanssız münasibətləri nəzərə alsaq, kifayət qədər təsir alətləri var. Digər tərəfdən, indiki geosiyasi vəziyyət elədir ki, Rusiya xarici siyasətinin əsas diqqəti hazırda başqa problemlər üzərində cəmləşdiyindən Rusiya bütün bu alətlərdən istifadə etməyə hazır deyil. Qafqaz məsələsi indi tam olaraq periferik deyil, Ukrayna məsələsi ilə müqayisədə yenə də ikinci dərəcəli əhəmiyyət kəsb edir.

- Gümrüdəki Rusiya hərbi bazasının Ermənistanı tərk etməsinə ehtimal verirsinizmi?

- Hesab edirəm ki, bu, çox radikal addım olardı və Ermənistanın bu addımı atacağı ehtimalı yoxdur.

- Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanla Azərbaycan arasında sülh sənədinin imzalanmasının zəruriliyi ilə bağlı son bəyanatını necə şərh edərdiniz?

- Aleksey Overçuk Rusiyanın ən təsirli yüksək rütbəli məmurlarından biridir, o da Qafqaz istiqaməti ilə məşğuldur. Məhz o, hökumətlərarası komissiyaya nəzarət edirdi və onun komandası Azərbaycanla ticarət-iqtisadi və siyasi əməkdaşlıq sahəsində işləyirdi. İnanıram ki, belə yüksək səviyyəli məmur boş yerə belə məzmunlu açıqlamalar verməz.

Bu, yenə də Azərbaycan və Ermənistan tərəfdaşlarının Rusiyanın vasitəçiliyi ilə ənənəvi və başa düşülən dialoq formatına qayıtmağa çağırışıdır. Aydın məsələdir ki, Ermənistanın danışıqların yerini dəyişmək cəhdi heç bir şəkildə onların effektivliyinə təsir göstərmir ki, bu da Qərbin regionun reallıqları və mövcud xüsusiyyətləri barədə dərk etmədiyinə işarə edir.

- Ermənistandakı etiraz bazasının səviyyəsini və Paşinyan sülh müqaviləsini imzalayacağı təqdirdə ona qarşı potensial təhlükələri necə qiymətləndirirsiniz?

- Hələ ki, Paşinyan 2020-ci ilin noyabrında hakimiyyətinin saxlanmayacağının göründüyü atəşkəs bəyanatını imzaladıqdan sonra belə Ermənistandakı elektoratına güvənmək imkanı tapa bilib. Gördüyünüz kimi, o, hələ də uğur qazanıb, çünki daxili siyasi elektoratla işləməkdə arqumentlər tapa bilib. Ermənistanın ondan məyus olduğu, 2018-ci ilin aprelində əldə etdiyi dəstək bazasının getdikcə azaldığı bir şəraitdə bu dəfə də bu nüans ona kömək edəcəkmi, bunu yaşayıb görəcəyik. Ermənistanda seçkilər tezliklə keçirilməyəcək və burada onun üçün əsas məsələ Ermənistanın özündə olan neqativ məqamları geri qaytarmaqdır. Ona görə də Paşinyan Qərb dövlətləri ilə işləyərək beynəlxalq aləmdə uğurlu danışıqlar və dəstək görüntüsü yaratmağa çalışır.

- ABŞ Ermənistana silah verəcəkmi və Azərbaycanla sərhəddə yeni müharibə ehtimalı necədir?

- Amerika silahlarının Ermənistana veriləcəyinə şübhə edirəm, bu, çox həssas məsələdir. Burada Türkiyənin NATO üzvü və Azərbaycanın müttəfiqi kimi mövqeyini nəzərə almamaq olmaz. Nəzəri olaraq belə bir ssenaridə hətta Amerika silahlarından Türkiyəyə qarşı istifadə etmək mümkündür ki, bu da əslində kifayət qədər fantastik görünür.

- Ermənistan-Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı proqnozunuz varmı?

- Sərhəddə eskalasiyaya qədər danışıqların dinamikası kifayət qədər yaxşı idi, ən azı müəyyən irəliləyiş var idi. Amma görürük ki, gərginləşmə çox şeyin üstündən keçdi, çox adam öldü, hər iki tərəf üçün həssas zərbə oldu. Məncə, yaxın gələcəkdə tərəflər arasında münasibətlərdə ciddi irəliləyiş gözləmək lazım deyil. Ermənistan üçün strateji vəziyyət ağırdır. Müvafiq olaraq, hakimiyyətdə kimin- Paşinyan və ya başqasının olmasından asılı olmayaraq, Azərbaycanla danışıqlar prosesinin başa çatdırılması məsələsini hansısa yolla həll etmək lazım gələcək.

Hələlik Rusiya sülhməramlıları Qarabağın etnik erməni əhalisinin təhlükəsizliyinin təminatçısı kimi çıxış edirlər, lakin onların ilk beşillik mandatı 2025-ci ilin noyabrında uzadılma imkanı ilə başa çatır. Azərbaycanın bu uzantıya dəstək verməyəcəyi riski var və müvafiq olaraq, bu varianta indidən hazırlaşmaq lazımdır. Sərhəd problemi də qalır. Ermənistan delimitasiya prosesinə başlamalıdır. Azərbaycan üçün Naxçıvanla nəqliyyat əlaqələrinin açılması prinsipial əhəmiyyət kəsb edir. Bu, İkinci Qarabağ müharibəsi nəticəsində əldə edilmiş razılaşmaların bir hissəsidir. Buna görə də Ermənistan rəhbərliyi öz üzərinə müəyyən öhdəliklər götürüb. Ona görə də indi Azərbaycanın bəzən sərt mövqeyi daha çox onunla bağlıdır ki, danışıqlar prosesi dalana dirənib, əvvəllər qəbul edilmiş razılaşmalar icra olunmur.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” çərçivəsində hazırlanıb.