"Şəhidlər başımızı dik, alnımızı ağ elədilər" - SORĞU

29 Sentyabr 2022 14:58 (UTC+04:00)

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. SİA mövzu ilə bağlı gənclər arasında sorğu edərək onların fikirlərini öyrənib.

Gənc Rəşad İmanov: "Düşünürəm ki, Vətən müharibəsi Azərbaycanın gücünü beynəlxalq arenaya bir daha sübut etdi. Əlbəttə ki, bütün bu proses hər birimizə müəyyən mənada təsir etdi, eləcə də, emosionallıq pik həddə qalxdı.

Məhz bu böyük qələbədən sonra Azərbaycan xalqının, xüsusilə də gənclərin üzərinə böyük yük düşür. Biz gərək gənclər vasitəsilə sosial mediada öz haqlı qələbəmizi təbliğ edək. Bununla yanaşı, 30 illik işğal prosesi, Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş soyqırımları, deportasiya siyasətini tarixi faktlarla xarici auditoriyaya çatdıraq. Bütün bunlar bizə deməyə imkan verəcək ki, Qarabağ həqiqətən də Azərbaycanın tarixi torpaqları olub.

Ümumi olaraq isə bütün bunları yerinə yetirmək üçün ilk növbədə gənclər təhsilli olmalı, tariximizi bilməli, tarixdən sitatlar və arqumentlər gətirmək üçün bütün bu məsələlərə hakim olmalıdır. Məhz belə olduqda, bütün dünya, həmçinin düşmənimizin tərəfində duran dünya dövlətləri, müxtəlif lobbilər də, müəyyən vaxt keçdikcə bizim haqlı olduğumuzu qəbul edəcəklər".

Gənc Röya Vahabova: "Yaşım az olanda ətrafımda səslənən cümlələrin təsiri ilə daima müharibə arzulayırdım. Müharibə olsun, torpaqları azad edək. Vətən sağolsun! İgid əsgər irəli! İndi isə bu sözlər əvvəlki təsirini itirib. Hər şəhidin ardında yarım qalan insanlar: analar, atalar, bacılar, qardaşlar, gəlinlər, gözü yolda qalan yarlar, üzr videosu çəkilən qardaşlar və daha nələr. Bunlar hamısı bizim bir nəfəsə dediyimiz şəhid sözünün ardında qalanlardır. Biz bir dəfə dedik bitdi. Nə müharibələr bitməyəcək, nə yarımçıq həyatlar.

Uşaq ikən müharibə deyəndə ağlıma vuruşan igid əsgərlər gəlirdisə, indi qorxu ilə şəhid siyahılarında oğlunun adını axtaran analar, qardaşını axtaran bacılar, qardaşlar, yarım qalmış hekayəsini axtaran qızlar gəlir. Vətən müharibəsi ilə qələbə qazanırıq deyirik. Amma həm də vətənimiz ürəyi dağlanmış vətəndaşların vətəninə çevrilir. Artıq sevinməyi belə çox görürük özümüzə. Sevinəndə günaha batmış hiss edirik özümüzü. Bəlkə də bir gün vətənimiz bir olacaq amma insanlarımız acılarıyla yarım qalacaq. Dünyanın ədaləti".

Gənc Nərmin Nağıyeva: "Azərbaycan dövlətinin və xalqının tarixinə müqəddəs şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il tarixi həm də bizim böyük Zəfər yolumuzdur. 44 gün davam edən müharibə zamanı Ordumuz Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə, qarşı tərəfin 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşmən əsarətindən azad olunmuş və şanlı bayrağımız bu ərazilərdə dalğalandırılmışdır.

İlham Əliyevin xalqa müraciətinin hər bir şüarı epitetə bənzədilirdi və uşaqdan böyüyə kimi hərkəsin dilində əzbər olmuşdu. Bu 44 gün ərzində xalqın birliyi, dözümlülüyü nəyə desən dəyərdi. Biz bu günlər ərzində ATƏT-in, başqa digər beynəlxalq təşkilatların 30 ildə həll etmədiyi problemi 44 gündə şanlı ordumuzun əsgərləri sayəsində etdik! Bu Zəfərin qazanılmasında eyni zamanda arxa cəbhədə hesab edilən daima fədakarlıq etməyə can atan Xalq dayanırdı! Kimisi siqaret, corab, isti geyimlər, şirniyyat, su göndərirdi. Bu siyahını uzatmaq da olar. Biz 30 il boyunca bizim üçün önəm daşıyan Şuşanı azad etdik! Həmin ərazilərdəki döyüşlər sanki bizə nağılları, dastlanları və film sujetlərini xatırladırdı".

Gənc Zərintac Maisqızı: "Azərbaycan tarix boyu çətin sınaqlardan keçib. Ölkəmiz hər zaman diqqət mərkəzində olub. Çünki münbit torpağa, əlverişli relyefə və zəngin neftə sahibdir.

Bizim ən böyük düşmənimiz tarix boyu arxadan zərbə vuran, çörəyimizi yeyib qanımızı içən ermənilər olub. Onlar bizim torpaqları işğal edib, soydaşlarmızı vəhşicəsinə qətlə yetirdilər.

Ermənilərin vəhşiliklərinə görə azərbaycanlıların 30 ildir qəlbi yanırdı. Amma xalqımızın qəlbində inam hər zaman var idi. O inam bizi qələbəyə apardı. 30 il səbr etdik. Amma sülh anlayışı düşmənə həmişə yad oldu. Onlar zorakılıq və təcavüzkarlıqdan başqa heç nə bilmirlər. Bizim müharibədən başqa yolumuz qalmamışdı. Mən bir övlad olaraq da qürur duyuram. Çünki atam da Vətən müharibəsində vuruşub. Bütün hərbiçilər bizim üçün doğmadır. Atamın timsalında bütün hərbiçilərlə qürur duyuram.

Doğrudur, anaların gözü yaşlı qaldığına görə tam sevinə bilmədik. Şəhidlər sülh göyərçinləridir. Onlar öz canlarını bizim üçün, Vətən üçün qurban verdilər. İnanıram ki, bundan sonra dünyada sülh qələbə qazanacaq. Bundan sonrakı nəsillər sülhlə böyüsün. Azərbaycan heç vaxt işğalçı dövlət olmayıb. Biz düşmənə belə humanist davranmışıq. Bu barədə uzun-uzadı danışmaq olar. Hətta deyərdim ki, kitab yazsaq da azdır. Bir tərəfim kədərli, digəri isə qürurla doludur. Mən də bir vətəndaş olaraq vətənim üçün canımı sevə-sevə fəda edərəm".

Gənc Aytac Əliyeva: "2 il bundan əvvəl çox ağır, eyni zamanda qürurlu günlər yaşadıq. Əslində 44 günün hər anı ayrı bir dastandır. 30 illik qara ləkəni alnımızdan qısa müddətdə silib, birdəfəlik bu yaranı sağaltdığımız Vətən müharibəsi igidlərimizin gələcək nəsillərə yazdığı tarix səlnaməsi, yenidən öz elinə qovuşacaq torpaqlar isə onların bizlərə ən böyük əmanətidir.

Şükürlər olsun ki, sonunda zəfər günəşi Qarabağımızda parladı. Azərbaycanın mərd oğulları tarixi qanı ilə yenidən dəyişdi və ədaləti bərpa etdi. Bu haqq savaşındakı qələbəmizi başda Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün əsgərlərimizə borcluyuq.

Həmin günlərdə arxa cəbhədə birləşən və dəmir yumruq olan vətəndaş və soydaşlarımızı da unutmaq olmaz. O anlar ən çox azərbaycanlı olduğumuzu hiss edib, iliyimizə qədər vətənpərvərliyi duyduğumuz günlər idi. Və şəhidlərimiz… İndi ən uca məqamda olan onlar bizə ən gözəl hədiyyəni verdi. 30 qara ildən sonra biz Zəfəri daddıq. Başımızı dik, alnımızı ağ elədilər. Ruhları şad olsun Yaşasın Azərbaycan, var olsun xalqımız!".

Gənc Arzu Rövşən: "Vətən müharibəsi zamanı Ermənistandan Azərbaycana qarşı aparılan informasiya müharibəsinin qarışısı layiqincə alındı. Artıq, elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələrdə məlumatı çatdırmaq və onu yaymaq daha rahatdır. İnformasiya silahı digər silahlardan geri qalmır. Biz də bacardığımız qədər informasiya müharibəsində aktiv iştirak etdik və bunun nəticəsi uğurlu alındı".

Ayşən Vəli