Qubada şəhid Yaşar Xudayevin ailəsi ziyarət edilib

29 Sentyabr 2022 13:31 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidlərinin 2-ci ildönümü ilə əlaqədar şəhid Xudayev Yaşar Əli oğlunun ailəsini ziyarət ediblər. Təşkilat sədri Şəhid ailəsinin üzvləri ilə görüşdə onlara başsağlığı vermiş, vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlığını bildirib. Qeyd edib ki, Şəhid və Qazi ailələrinə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissəsidir. Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Ailə üzvləri şəhidimizin xidməti fəaliyyəti, döyüş yolu, təltif edildiyi medallar barədə məlumat vermiş, onun özünəməxsus xüsusiyyətlərindən danışıb, xatirələrini bölüşüblər.Qeyd edək ki, Yaşar Xudayev 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən 27 sentyabrda Müzəffər Ordumuzun sıralarında, torpaqlarımızın yağı düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Goranboy istiqamətində yerləşən bir neçə kəndin və Murovdağ silsiləsindəki Murov zirvəsinin düşməndən azad olunmasında düşmənə əyilmədən, Vətən uğrunda qəhrəmancasına döyüşərək, şəhidlik zirvəsinə yüksəlib və 28 sentyabr 2020-ci il tarixdə Quba şəhərində - Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Dövlət başçısının müvafiq sərəncamları ilə Xudayev Yaşar Əli oğlu ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban
vermiş bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!