Ermənistanın təxribatları bu ölkəyə baha başa oturacaq ANALİTİK+AKTUAL

29 Sentyabr 2022 13:25 (UTC+04:00)

İrəvanın havadarları bu ölkənin Azərbaycana qarşı yürütdüyü 30 illik işğalçılıq siyasəti dövründə niyə danışmırdılar, beynəlxalq qanunları, ədalət prinsipini nəyə görə müdafiə etmirdilər?

Son günlər, xüsusilə 12-14 sentyabr aralığında baş verən növbəti erməni təxribatından sonra rəsmi İrəvan da daxil olmaqla, bütövlükdə Ermənistanın ictimai-siyasi rəyində revanşizm hissləri yenidən alovlanmağa başlayıb. Əslində, revanşizm hissi daha əvvəllər də olub. Belə ki, 2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyilləri, əsasən, müxalifət qüvvələrində cərəyan edirdi. Lakin həmin meyllər zaman-zaman hakimiyyətdə də yaranmağa başladı ki, reallığa qalanda bunun daha bir səbəbi regionumuzda maraqları olan bir sıra xarici ermənipərəst dairələrin fəallaşmasıdır. Xüsusilə, Qərb dairələrində yer alan erməni havadarları Cənubi Qafqaz maraqlarının təmin olunması üçün Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən öz səmərələri üçün istifadə etməyə cəhdlər göstərirlər.

Əgər belə olmasa idi Ermənistan regionda gərginliyin qalmasında maraqlı olmadığını əməli qaydada isbatlayar, sülhə doğru addımlarını artırardı

Bütün bunların ardınca isə Ermənistan açıq şəkildə və nümayişkəranə olaraq 2020-ci ildə və ondan sonra əldə olunmuş razılaşmaları - bəyanatları və danışıqlarda razılaşdırılmış digər məqamları rədd edir, hətta şərtlər belə irəli sürməyə cəhd göstərir. Misal üçün, Ermənistanın üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırması ən başlıca məqamlardan biridir. Ermənistan hələ də qəsdən və bilərəkdən Azərbaycan ərazisində qalmış silahlı qüvvələrinə məxsus hərçilərini və texnikalarını çıxarmır, müxtəlif yollarla Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa və gücləndirməyə çalışır, Qarabağdakı separatçılar İrəvanın tapşırıqları əsasında ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı sərsəm bəyanatlar səsləndirir, Ermənistanda isə həmin bəyanatlar ölkə rəhbərliyi tərəfindən dəstəklənir və s.

Daha bir diqqətçəkən nüans budur ki, Ermənistan 12-14 sentyabr təxribatını törətməsi ilə qarşıdurmaların pik həddinə çatmasına zəmin yaratdı və artıq kifayət qədər məlum oldu ki, onlar sülhə hazır deyillər və bu kimi təxribatları ilə müharibə mümkünlüyünü artırırlar. Əgər belə olmasa idi Ermənistan regionda gərginliyin qalmasında maraqlı olmadığını əməli qaydada isbatlayar, sülhə doğru addımlarını artırardı. Ancaq fakt budur ki, müharibə və təxribat ab-havasını saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiyalar edir və həmin vasitələrlə Azərbaycanı hədəfə gətirməyə çalışır.

Xarici havadarları isə necə deyərlər, İrəvana ürək-dirək verir, Azərbaycan əleyhinə müxtəlif bəyanatlar səsləndirməklə odun üzərinə benzin tökməklə məşğul olurlar

Beləliklə, daha bir fakt budur ki, Ermənistan hazırda işğaldan azad olunmuş ərazilərdə görülən nəhəng işlərin miqyasını aydın görür, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu bilir və məhz bu kimi əməlləri ilə mövcud prosesə zərbə vurmağa cəhdlər göstərir, xarici havadarları isə necə deyərlər, İrəvana ürək-dirək verir, Azərbaycan əleyhinə müxtəlif bəyanatlar səsləndirməklə odun üzərinə benzin tökməklə məşğul olur.

Daha bir məqama diqqət yetirək: bu, Ermənistanın illər boyu ona əl uzadan və kömək edən, ayaqda saxlamağa şərait yaradan ölkələrə qarşı xəyanət etməsi, açığını desək, istənilən anda kürəyindən xəncər saplaması faktıdır. Misal üçün, əgər əvvəlki dövrlərdə Ermənistan Rusiyaya arxalanır və işğalçılıq siyasətini davam etdirirdisə, son hadisələr artıq bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Ölkənin baş naziri Nikol Paşinyanın, təhlükəsizlik şurasının sədri Armen Qriqoryanın, xarici işlər naziri Ararat Mirzoyanın, müdafiə naziri Suren Pakikyanın ABŞ-a, Fransaya və s. Qərb ölkələrinə səfərlərinin ardınca onların özlərinə arxayın şəkildə sərsəm bəyanatlar vermələri də məhz bu xüsusa söykənir.

Bu regionun, ümumiyyətlə, həmin dairələrə nə aidiyyatı var, nə də ehtiyacı

Hələ bu da azmış kimi, Ermənistan artıq NATO-nu, o cümlədən, ayrı-ayrılıqda ABŞ və Fransa hərbçilərini bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşündüyünü gizlətmir. Halbuki, bu regionun ümumiyyətlə həmin dairələrə nə aidiyyatı var, nə də ehtiyacı. Region yalnız ona bağlı olan qonşu ölkələrin səyi, sülh məqsədli, inkişaflı səyləri ilə öz sabitliyini təmin edə, inkişaf yolunu tuta bilər. Lakin bütün bu imkanların mövcud olmasına baxmayaraq, İrəvanın xülyalara dalan oyunbazlıqları münbit prosesi əngəlləməyə hesablanıb. Daha dəqiq desək, Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, hətta mümkündürsə iflasa uğratmaqdır.

Artıq faktdır ki, Ermənistan regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Bu məqamlar isə əslində Ermənistanın özünü dalana doğru sıxışdırılmasına zəminlər yaradır. Çünki nə Azərbaycan, nə Rusiya, nə də Türkiyə kimi regionun aparıcı dövlətləri onun məqsədlərinin reallaşmasına əsla imkan verməz.

Bakı bu sualların cavablarını gözləyir

Təəssüf ki, dünya güclərinin bir qismi Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görmürlər və onlar başlıcası ilə real həqiqətləri açıq gözlə görməli, İrəvanın əsl niyyətlərini düzgün qiymətləndirməli, Ermənistanı bu iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər. Ancaq əfsuslar olsun ki, bizlər bunu müşahidə etmirik və səbəblərini də yazının əvvəlində qeyd etmişik...

Əgər bu gün müxtəlif ölkələrdə - əsasən, ABŞ Konqresində və Nümayəndələr palatasında, Fransa senatında, Avropanın bəzi parlament dairələrində Ermənistanın regiondakı sabitliyi, sülh çağırışlarını pozmağa yönəlmiş addımlarına dəstəklər göstərilirsə, tarixi Azərbaycan torpaqları, yaxud sərhədləri Ermənistanın “suveren ərazisi” kimi göstərilirsə onda belə addımların birbaşa Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməsi faktı ortaya çıxır. İstər başda Nensi Pelosi olmaqla ermənipərəst amerikalı konqresmenlər olsun, istər Fransa prezidenti Emmanuel Makron olmaqla onun siyasi ətrafı olsun, istər Yunanıstan iqtidarının nümayəndələri olsun – onlar daha yaxşı olardı ki, öz ölkələrində baş verən qanunsuzluqlar, insan haqlarının pozulması və s. kimi hadisələrlə maraqlanıb problemlərini həll etsinlər. Daha Azərbaycanın və ümumilikdə regionumuzun işlərinə sözün əsl mənasında burunlarını dürtməsinlər!

Və son olaraq özləri-özlərinə sual versinlər ki, onlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü 30 illik işğalçılıq siyasəti dövründə niyə danışmırdılar, beynəlxalq qanunları, ədalət prinsipini nəyə görə müdafiə etmirdilər? Bakı, bu sualların cavablarını gözləyir və heç zaman da imkan verilməyəcək ki, nə Ermənistan, nə də onun havadarları öz kirli məqsədlərinə nail olsunlar. Əksinə, Ermənistanın təxribatları bu ölkəyə baha başa oturacaq, bax, buna əsla şübhə etməsinlər!

Rövşən RƏSULOV