"Bu müharibədə qalib artıq seçilib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

29 Sentyabr 2022 11:17 (UTC+04:00)

"Rusiya-Ukrayna müharibəsi dünyanın diqqəti mərkəzindədir və bütün müharibələrdə olduğu kimi, bu müharibə hərbi texnika ilə yanaşı, həm də informasiya müharibəsidir. Demək olar ki, dünya mediasının gündəmində də ən çox yeri olan ciddi məsələlərdən biri də bu münaqişədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Ülviyyə Həmzəyeva Azərbaycandan yaxşı müharibənin acı nəticələrini bilən və əsrlərdi heç bir dayağı olmadan öz haqqını tələb edən başqa bir xalq tanımadığını bildirib: "Biz müharibənin nə olduğunu çox yaxşı bilirik və nə üçün mübarizə apardığımızı da yaxşı bilirik! Azərbaycan 30 ilə yaxın münaqişədən əziyyət çəkib və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızı Ermənistanın işğalından azad edib. Bizim haqq mübarizəmiz bir növ digər münaqişəsi olan xalqları da ruhlandırdı".

Deputat sözlərinə belə davam edib: "Rusiya-Ukrayna müharibəsi qəliz siyasi nüanslarla doludur və buna birmənalı baxmaq qeyri mümkündür. Hər iki ölkə öz prizmasından baxanda doğrudur. Lakin siyasi aspektlər başqa, sadə insanların düşündükləri tam fərqlidir.

Rusiya-Ukrayna münaqişəsi, bəzi tərəflərə xeyir edir. Bura Qərbin də bilavasitə aidiyyəti var.
Azərbaycan olaraq, Rusiya -Ukrayna müharibəsinə yanaşmada daha obyektiv, tərəfsiz və peşəkar mövqe nümayiş etdirməyə çalışmışıq hər zaman.

Lakin fikrimcə, bu gün adlandırdığımız sivil toplumda müharibələr olmamalıdır! Danışıqlar vasitəsilə sülh bərqərar olmalıdır. Azərbaycan olaraq biz sülhsevərliyimizi hər zaman nümayiş etdirmişik və 30 il gözlədik. Lakin müharibəyə bizi məcbur etdilər desək yanılmarıq. Biz doğru olaraq "oğrunun" əlindən bizə aid olanları güclə aldıq. Çünki mənfur düşmən heçnəyə məhəl qoymurdu. Biz xalq olaraq fəxr edirik ki, öz torpaqlarımızı qaytarmışıq. Bu yolda çox qurbanlar verdik, lakin "inildəyən" ruhlarımızın qisasını alaraq övladlarımız ən uca məqama, şəhidlik zirvəsinə ucalıblar. Biz onlarla fəxr edirik və nə qədər zaman keçsə də onlar yaşayacaq, yaşadılacaqdır.

Müharibədən ən çox əziyyət çəkənənlər, insanlar, sadə xalqdır. Son zaman Rusya tərəfindən müharibəyə gedənlərin etirazlarının, qaçışlarının şahidi oluruq. Bizdə gözəl bir deyim var "Xalqın gözü tərəzidir". Düşünürəm xalq dilə gəlirsə, demək doğru olmayan nüanslar var, haqsızlıq var. Görünən odur ki, bu müharibədə qalib artıq seçilib ! Lakin əsl Qalib isə müharibə etmək istəməyən sadə insanlardır!

Bütün dünyaya sülh və əmin-amanlıq arzu edirəm! Arzu edirəm hər ailə öz doğmasına qovuşsun!".

Ayşən Vəli