27 Sentyabr - Anım Günü canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir

29 Sentyabr 2022 10:45 (UTC+04:00)

Azərbaycanın şanlı Zəfərinin başlandığı gün 27 sentyabr 2020-ci il təqvimindən başlayır. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə, Ermənistanı kapitulyasiya etməyə, üçtərəfli bəyanata imza atmağa məcbur etməklə bölgəmizdə yeni reallıq yaratdı, dünya müharibə tarixinə öz möhürünü vurdu. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və çoxsaylı strateji yüksəkliklər azad olundu. Mənfur düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Təcavüzkar Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Qalib Azərbaycan ordusunun rəşadəti nəticəsində Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərdə oldular. “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”. Bu sözləri Azərbaycan Prezidenti Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısında çıxışı zamanı bildirib.

Şanlı qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Qarabağ Azərbaycandır!

Aysel Qəribli, YAP Pirallahı rayon təşkilatının gənc fəalı