BMT səfərbərliyə etiraz edən rusları azad etməyə çağırıb

29 Sentyabr 2022 00:29 (UTC+04:00)

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiya təhlükəsizlik qüvvələri tərəfindən “qismən” səfərbərliyə etiraz edən vətəndaşların həbsini pisləyən bəyanat yayıb.

Ali Komissarın nümayəndəsi Ravina Şamdasani sırf dinc toplaşmaq və ifadə azadlığı hüququnun həyata keçirilməsinə görə təqiblərin qəbuledilməz olduğunu vurğulayıb və bütün məhbusların dərhal azad edilməsinə çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bəyanatda həmçinin rusiyalıları dinc şəkildə etiraz etməyə və zorakılığa əl atmamağa çağırılır.

“OVD-İnfo” (...Rusiyada siyasi təqiblərə həsr olunmuş müstəqil insan haqları media layihəsi-A.B.) hüquq müdafiə təşkilatının məlumatına görə, 2022-ci il sentyabrın 21-dən sentyabrın 26-dək Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında 2398 nəfər həbs edilib (...qeyd edək ki, əslində bu hələ dəqiqləşdirirlməmiş rəqəmdir-A.B.).

Söhbət həm tək aksiyalardan, həm də kütləvi etirazlardan gedir. Etirazlar zamanı “OVD-İnfo” hüquqşünasları BMT-yə iki hesabat göndəriblər.

Qeyd edilməlidir ki, digər məsələlərlə yanaşı, hüquq müdafiəçilərinin kütləvi həbsləri, aksiyaların dağıdılması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılığa məruz qalması, məhbuslara vəkillərin ayrılmaması, polisin şöbələrdə cinsi zorakılıq tətbiq etməklə hədələmələri və s. hesabatda öz əksini tapıb.

Hesabat hazırlayanlar, həmçinin etirazçılara çağırış vərəqələrinin verilməsi hallarına və hakimiyyətin siyasi mövqe bildirmək üçün hərbi çağırışdan cəza kimi istifadə etməsinə də diqqət çəkiblər.

Hüquq müdafiəçiləri onu da qeyd ediblər ki, vicdan əsasında hərbi xidmətdən imtina etmək hüququna hakimiyyət tərəfindən hörmət edilməlidir.

Ağasəf Babayev