Filippo Qrandi vəzifəsinə yenidən təyin olunub

28 Sentyabr 2022 21:24 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi BMT Baş Assambleyasının qərarı ilə vəzifəsinə yenidən təyin edilib.

SİA-nın əldə etdiyi xəbərə görə, bu barədə BMT-dən yayılan məlumatda bildirilib ki, Baş Assambleya üzv dövlətlərlə məsləhətləşərək Filippo Qrandinin 1 iyul 2023-cü ildə başa çatacaq mandatının 31 dekabr 2025-ci ilə qədər uzadılmasına qərar verib.

Qeyd edilib ki, Qrandi şəxsi səbəblərə görə ikinci vəzifə müddətinin 2,5 illə məhdudlaşdırılmasını istəyib.

1957-ci ildə anadan olan italyan diplomat Qrandi 1990-cı illərdə humanitar yardım və qaçqınlar üzərində işləməyə başlayıb.

Dünyanın müxtəlif yerlərində BMT-nin çətiri altında çalışan Qrandi 2005-ci ildə BMT-nin Fələstin Qaçqınlar Agentliyinin baş komissarının müavini olub.

2010-2014-cü illərdə həmin Agentliyin baş komissarı olmuş Filippo Qrandi 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına təyin edilib.