Nigeriyada vəba epidemiyası tüğyan edir

28 Sentyabr 2022 20:17 (UTC+04:00)

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) bu barədə məlumat yayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi xəbərə görə, məlumatda bildirilir ki, yanvar ayından bəri epidemiya paytaxt Abuca ilə yanaşı 30 ştatda da yayılıb.

Açıqlamada qeyd edilib ki, sözü gedən tarixdən bu günə dək 5 min 451 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbindən həyatını itirənlərin sayı 149-a yüksəlib.

Yada salaq ki, ötən il ölkədə vəbadan 1174 nəfər həyatını itirib.

Qeyd edək ki, qida və su ilə yoluxan vəba xəstəliyi orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Vaxtında müalicə olunmayan xəstələr həyatını itirir. Ölkədə təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır.