Sən demə, ruslar bu əraziləri “övladlığa” götürürlər...

28 Sentyabr 2022 18:42 (UTC+04:00)

...Artıq hər şey həll olunub(?). İndi referendumu “udmuş” ərazilərin Rusiyaya daxil etmək üçün bir sıra məcburi prosedurları yerinə yetirmək lazım gələcək.

Yadınızda olar, mən o vaxt da demişdim ki, Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Olqa Kovitidisiz bu işləri yoluna qoymaq bir balaca çətin ola bilər. Hələlik isə... SİA bu barədə rus saytlarına istinad edir.

Budur, sentyabrın 23-dən 27-dək keçirilən referendumun nəticələrinə görə, DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin 87 faizdən çoxu Rusiyaya birləşməyə səs verib. (...sonra da deyirsiniz ki, Skabeeva bir şey bilmir-A.B.)

Artıq bu regionların rəhbərləri onların Rusiya Federasiyasının tərkibinə yeni subyekt kimi qəbul edilməsi təklifi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.

Bu arada... Kovitidi xatırladıb ki, Krımın və qəhrəman şəhər Sevastopolun Rusiyaya daxil edilməsində artıq müsbət təcrübə var.

“...Konstitusiyaya uyğun olaraq Rusiya Federasiyasına qəbul üçün əsas referendumun nəticələridir. Bu qurumların müstəqilliyi ilə bağlı bəyannamələr qəbul edilməlidir”.

...Yadımdaykən, bildirim ki, Kovitidi ixtisasca hüquqşünasdır. Ona görə də, nə deyirsə, hüquqa əsaslandırır.

Beləliklə, onun sözlərinə görə, daha sonra bu regionlarla Rusiyanın tərkibində yeni subyektlərin formalaşdırılmasına dair müqavilələr imzalanacaq və federal konstitusiya qanunu qəbul ediləcək.

“...Vaxt haqqında danışırıqsa, onda övladlığa götürmə anı Rusiya Federasiyası ilə yeni yaradılmış subyektlər arasında onların ölkəyə qəbulu haqqında müqavilənin imzalandığı tarixdir”. Kovitidi deyir bunları...

...Yeri gəlmişkən, yuxarıda Kovitidi ixtisasca hüquqşünasdır deyə onun dediyinə şəkk gətirmək bir az çətin olsa da, amma hansısa ərazini ərazinə qatıb “onu övladlığa götürmə” kimi təqdim etmək...necə deyərlər, bu artıq başqa üslub...yox, “fasondur”?

Ağasəf Babayev