Çin gəmiləri Yaponiyanın ərazi sularını pozub

28 Sentyabr 2022 17:43 (UTC+04:00)

Çinin 3 sahil mühafizə gəmisi Senkaku adaları yaxınlığında Yaponiyanın ərazi sularını pozub.

SİA-nın əldə etdiyi məlumata görə, Yaponiya Sahil Mühafizə Qüvvələri “2022-ci ilin 27-ci pozuntusu” kimi qeydə alınan aksiyanın yerli vaxtla saat 03:15 radələrində baş verdiyini açıqlayıb.

Yaponiya patrul gəmiləri Yaponiyanın balıqçı qayıqlarını izləyən Çin gəmilərinə ərazi sularını tərk etmələri üçün xəbərdarlıq edib. Hadisəni Yaponiya hökuməti beynəlxalq hüququn pozulması hesab edib və rəsmi Pekinə diplomatik kanallarla etiraz bildirib.

Çinin bu hərəkətini Yaponiya Nazirlər Kabineti katibinin müavini Yosihiko İsozaki "son dərəcə təəssüfedici və qəbuledilməz" adlandırıb.

Rəsmi Pekinin son sərhəd pozuntusunun Yaponiya ilə Çin arasında diplomatik münasibətlərin normallaşmasının 50-ci ildönümünə, yəni sentyabrın 29-na az qalmış baş verməsi maraq doğurur.

Şərqi Çin dənizində yerləşən Senkaku adaları Yaponiyanın nəzarəti altındadır.

Çin və Tayvanın iddia etdiyi adalar sərhəd pozuntusu xəbərləri ilə tez-tez gündəmə gəlir.