Açıq şəkildə satılan toyuqların aqibəti necə olacaq? - QİDA MÜTƏXƏSSİSİ BİLDİRDİ

28 Sentyabr 2022 17:27 (UTC+04:00)

"Qida Təhlükəsizliyinin bütün mərhələlərində ciddi nəzarətə ehtiyac var". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.

Onun sözlərinə görə bu mərhələlər tarladan süfrədəyədək bütün mərhələləri əhatə edir: "Toyuq ət və ət məhsullarına aid olduğu üçün yüksək risk qrupuna daxil olan qida maddəsidir. Heç bir halda açıq şəkildə satılan toyuqlar satin alınmamalıdır. İstehlakçı toyuq məhsulu seçərkən onun düzgün qablaşdırmasına və saxlanma şərtlərinə mütləq diqqət etməlidir. Təbii ki bu məsuliyyət market sahibinin də üzərinə düşür. Çiy toyuğun xarab olub-olmadığını anlamaq üçün rənginə, qoxusuna diqqət yetirmək lazımdır. İstehlakçı olaraq da açıq şəkildə satılan ət və ət məhsulu gördükdə mütləq satıcını xəbərdar etməli və aidiyyəti üzrə qurum məlumatlandırılmalıdır.

Təzə toyuq açıq qırmızı rəngdə olur. Xarab olduqca rəngi solur. Əgər rəngi matlaşmağa başlayıbsa tez bir zamanda bişirilməlidir. Rəngi qəhvəyi rəngə çevrilibsə artıq istifadə olunmamalıdır.

Xarab olmuş çiy toyuğun ağır bir iyisi olur. Bəziləri turş qoxusu gəldiyini deyir, bəziləri ammonyak qoxusuna bənzədir. Əgər toyuq ağır iyi verməyə başlayırsa istifadə olunmamalıdır. Əgər alacağınız toyuğun ətrafında qalın bir buz təbəqəsi meydana gəlibsə, o toyuq xarabdır. Toyuğun üzərində kif olub-olmadığına diqqət edin. Kif çürümüş, qoxumuş və xarab olmuş toyuğun əsas göstəricisidir.

Toyuq alarkən son istifadə tarixinə diqqət etməliyik. Son istifadə tarixi toyuğun artıq satılmayacağı tarixini bildirir. Son istifadə tarixinə tam etibar etməmək lazımdır. Yuxarıda sadaladığımız halların olub-olmadığına da diqqət etməliyik".