"Prezident görülən işlərə birbaşa özü maraqlanır" - DEPUTAT ŞƏRH ETDİ

28 Sentyabr 2022 16:58 (UTC+04:00)

"Əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra orada geniş miqyaslı tikinti quruculuq işləri həyata keçirilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, qısa zaman kəsiyində Azərbaycan yalnız öz resursları hesabına çox böyük bərpa quruculuq işlərini həyata keçirdi: "Geniş yol infrastrukturu yaradıldı. Artıq iki hava limanı hazırdır və üçüncü hava limanı inşa olunacaq. Bütün bunlar təbii ki, Azərbaycanın hər şeydən öncə böyük potensiyalının göstəricisidir. Digər tərəfdən həmin əraziləri biz aktiv şəkildə ümumimilli iqtisadi inkişaf dövriyyəsinə qatmaq əzmini nümayiş etdiririk. Həmin ərazilərimiz Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın ən dilbər guşələrindən birinə çevirməkdədir. Bu mənada Şuşanı xüsusi qeyd etmək lazımdır. Qısa zaman ərzində Şuşada olduqca əhəmiyyətli və mühüm işlər həyata keçirildi. Ölkə Prezidenti həm də bu ili "Şuşa ili" elan etdi. "Şuşa ili" çərçivəsində Şuşada tarixi memarlıq, mədəniyyət abidələrinin bərpası və onların dünyaya tanıdılması onu göstərir ki, Şuşa daima Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ölkə Prezidenti görülən işlərlə daim maraqlanır və prosesi birbaşa öz nəzarəti altında saxlayır. Bu təbii ki, görülən işlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsi üçün çox təsirli olmaqdadır"

Deputat sözlərinə əlavə edərək qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə ayrıca olaraq Şuşa şəhərində həyata keçirilən işlərin həm zaman, həm də keyfiyyət baxımından yüksək tələblərə cavab verməsi tez bir zamanda həmin ərazilərdə səmərəli məskunlaşmanın həyata keçirilməsi baxımından çox vacibdir: "Təbii ki, səmərəli məskunlaşmanın həyata keçirilməsi gələcəkdə etibarlı iqtisadi inkişaf sisteminin olmasına, təhlükəsizlik məsələlərin həll edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Cənab prezident İlham Əliyevin bütün səfərləri dünya mediası tərəfindən izlənməkdədir. Bu baxımından bu səfər dünya mediasının diqqətini bizim mədəniyyət beşiyimiz olan Şuşaya və digər işğaldan azad edilən ərazilərimizə yönəldir. Azərbaycan Prezidentin bu səfəri ilə həmçinin bizim tarixi torpaqlarımız bir daha dünya ictimaiyyətinə tanıdılır. Ümumiyyətlə kompleks yanaşdıqda bu səfər görülən işlərin zamanlı və keyfiyyətli olması baxımından, həm də dünyanın diqqətini həmin ərazilər ə cəlb edərək informasiya müstəvisində mövqelərimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir".