Borrel: "Lavrovun BMT TŞ-nin iclasını tərk etməsi təhqirdir"

28 Sentyabr 2022 16:12 (UTC+04:00)

Aİ-nin xarici məsələlər üzrə komissarı Xosep Borrel Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasını tərk etməsindən inciyib. O, təəssüratlarını şəxsi bloqunda bölüşüb.

Avropa diplomatiyasının rəhbəri deyib ki, Nyu-Yorkda keçirilən görüşdə rusiyalı nazir heç kimi də olmasa xarici həmkarlarını dinləməli idi: "Ancaq o, yalnız öz çıxışını etmək üçün içəri daxil oldu, sonra iclas zalını tərk etdi".

Borrell Lavrovun BMT Təhlükəsizlik Şurasındakı çıxışını “qeyri-adi”, nazirin özünü isə “paralel kainatda yaşamaq” adlandırıb: "Rusiya xarici işlər nazirinin Nyu-Yorkdakı mövqeyi onun ölkəsinin çoxtərəfli institutlara və qaydalara əsaslanan dünya nizamına dərin hörmətsizliyini təsdiqləyir".

BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası sentyabrın 22-də təşkilatın Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilib. İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ukrayna, Çexiya, Almaniya, Polşa, Litva və Belarusun xarici işlər nazirləri iştirak ediblər. Görüş zamanı Lavrov Ukrayna hakimiyyətini Donbassın rusdilli əhalisinə qarşı təqib və cinayətlərdə, ABŞ və müttəfiqlərini isə onları müdafiə etməkdə ittiham edib. O, həmçinin bəyan edib ki, Qərb ölkələrinin Kiyevə hərbi dəstəyi onları münaqişənin tərəfinə çevirib.