"Artıq payız ayındayıq və yay mövsümü yekunlaşıb. Məktəblər və Universitetlər açılıb, iş həyatı daha stabil şəkildə başlayıb. Payızda bu stabilləşmə səbəbilə turizmdə müəyyən qədər mövsümün daha aşağı olmasını müşahidə edirik". Bu sözləri SİA-ya açıqlamasında "SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, əvvəlki aylarda olduğu kimi, turizm obyektlərində doluluq o qədər də yüksək səviyyədə deyil: "Ona görə bu, qiymətlərə də təsirini göstərib. Yay mövsümi ilə müqayisədə daha endirimli qiymətlər var. Bəzən payızda təşkil olunan turlarda əlavə bir günlük qalmaq üçün otel pulunu da ümumi qiymətə daxil edirlər. Onlar qiymətləri aşağı endirməklə insanları cəlb etməyə çalışırlar. Bayram günləri və qeyri- iş günləri doluluq müşahidə olunur. Digər günlər üçün də müxtəlif kampaniyalar həyata keçirilir ki, bu da əvvəlki qiymətlərlə müqayisədə təxminən 30 faiz fərq yaradır. Həftə sonları gənclərimiz payızın sərin və çox da isti olmayan havalarında kamp turlarına gedirlər. Bu, maraqlı vaxt keçirməyin və əylənməyin yoludur".