Rusiyalı politoloq: Ermənistan Qərbin dəstəyi ilə Azərbaycan və Rusiyaya qarşı oynamağa çalışır - MÜSAHIBƏ

28 Sentyabr 2022 15:12 (UTC+04:00)

İqor Korotçenko: İrəvan ABŞ və Fransanın dəstəyinə arxalanaraq Qarabağın erməni separatçılarına bədnam qondarma “status” kartını oynamaqda davam edir

Politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində Ermənistanın baş naziri və Təhlükəsizlik Şurası katibinin Fransa və ABŞ-a qəfil səfərləri və Volodinin buna paralel olaraq Bakıya səfəri barədə maraqlı fikirlər bildirib.

- İqor Yuryeviç, Paşinyan, demək olar ki, Nyu-Yorkdan dərhal sonra qəfildən Fransaya getdi və orada Makronla görüşdü. Görüşdən əvvəl Ermənistanın baş naziri bunu “çox vacib danışıqlar” kimi qiymətləndirdi. Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bir sıra işgüzar görüşlər keçirdiyi ABŞ-a uçdu. Bunun fonunda ABŞ-dakı erməni separatçıları amerikalı konqresmenlərlə görüşdülər. Bu, Ermənistanın bir növ “yürüşü” kimi görünür...

- İrəvan ABŞ və Fransanın dəstəyinə arxalanaraq Qarabağın erməni separatçılarına bədnam qondarma “status” kartını oynamaqda davam edir. Paşinyan Paris və Vaşinqtonun köməyi ilə siyasi mövqeyini maksimum dərəcədə artırmağa çalışır. Ermənistanın baş nazirinin Fransaya və Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfərləri, əvvəllər gördüyümüz bütün səfərlər, o cümlədən Nensi Pelosinin İrəvana səfəri kimi, tamamilə sinxron səfərlərdir.

Paşinyan sərhəddə vəziyyətin gərginləşməsini əsas gətirərək ŞƏT sammitinə getməkdən imtina etdi, lakin bir həftə sonra BMT Baş Assambleyasında sevinclə danışdı. Təbii ki, belə təsadüflər baş vermir, ABŞ və Avropa İttifaqına açıq-aşkar reverans nümayiş etdirən Ermənistanın baş nazirinin strategiyasına uyğundur. Ermənistan hökumətinin başçısı Azərbaycanla sülhdən əl çəkmək, Rusiyanın Cənubi Qafqazdakı mövqeyini mümkün qədər zəiflətmək və belə bir xarici siyasət yeritmək üçün beynəlxalq münasibətlərdəki böhrandan, yüksək dərəcədə təlatümlülükdən istifadə etməyə çalışır. Paşinyan maksimum dərəcədə Qərb tərəfdaşlarının dəstəyi ilə Azərbaycan və Rusiyaya qarşı oynamağa çalışır.

- Son həftələr İrəvan tərəfindən KTMT-yə qarşı davamlı tənqidlər də buna görədir...

- Bəli, bu, Qərblə “flört etmək” siyasətinin davamıdır. Paşinyan başa düşür ki, ABŞ-ın gözündə siyasi xal qazanmaq üçün KTMT-yə mümkün qədər hücum etməlidir, eyni zamanda, Ermənistanın təşkilatı tərk etməsinin “lazımlığı” barədə ölkədə ictimai rəy formalaşdırmalıdır. Ola bilsin ki, həqiqətən də belə bir qərar İrəvan tərəfindən verilərsə, Ermənistan cəmiyyətində çoxluq onu dəstəkləsin.

Əslində, hesab edirəm ki, indi Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil. Bu, müxtəlif sövdələşmələr, Paşinyan tərəfində “razılaşmalar” oynamaq, müəyyən bonuslar almaq cəhdləri və ya hansısa yolla müşayət olunacaq. Ermənistanın KTMT-dən çıxarılması ilə bağlı qərarı Paşinyan ABŞ və Avropa İttifaqından, yəni, NATO-dan birmənalı hərbi təminat aldıqdan sonra verəcək. Bu arada siyasi sövdələşmə gedir, lakin Ermənistan vektorunu açıqlayıb- o, birmənalı olaraq qərbyönlüdür.

- Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışına, verilən bəyanatlara baxanda belə görünür ki, İrəvan birdən-birə Azərbaycanla müharibə şəraitində olduğunu göstərmək qərarına gəlib. Prinsipcə, bu və ya digər dərəcədə müharibədən əvvəlki şərtlərini diktə etmək və Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə “təcavüzkar” kimi təqdim etmək. Bundan əlavə, Paşinyan Ermənistan-Azərbaycan nizamlanması məsələlərinin münaqişənin 30 ili ərzində öz effektivliyini göstərməyən BMT və ATƏT mexanizmləri vasitəsilə həllini təklif edib. Həm də - Azərbaycanla sərhəddə beynəlxalq missiya yerləşdirmək.

- Bəli, İrəvan diqqəti Qərb auditoriyasına yönəltməklə beynəlxalq ictimaiyyətə təsir etməyə çalışır. Amma Paşinyanın dedikləri və təklif etdikləri siyasi baxımdan əhəmiyyətsizdir. Bölgədə yeni reallıq yaranıb. Və elə oldu ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldi. Ermənistan reallığı dəyişdirmək gücündə deyil. Burada Azərbaycanın siyasi, iqtisadi, hərbi qələbəsi faktoru var. Əgər Paşinyan hansısa təxribat təşkil etməkdə davam etsə, rəsmi Bakı onu ciddi şəkildə cəzalandıracaq. Düşünmürəm ki, burada heç kimin şübhəsi yoxdur. İlham Əliyevin bütün hərəkətləri isə beynəlxalq hüquq əsasında legitim olacaq. Rusiya bunu başa düşəcək. Belə olan halda Ermənistanı daha da qulaqbatırıcı hərbi məğlubiyyət gözləyir.

- Qərb dövlətləri Rusiyaya rəğmən Ermənistana əməli yardım göstərə bilərmi?

- Məncə, istənilən varianta ehtimal vermək olar. Biz indi görürük ki, Qərb Ukraynaya necə dəstək verir. Ermənistan-Azərbaycan nizamlanmasında Paris və Vaşinqton Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə oynayır, Qarabağın “statusu” məsələsində Ermənistanı dəstəkləməyə çalışırlar. Ermənistanın Təhlükəsizlik Şurasının katibi ABŞ-a səfəri zamanı Qərbin İrəvanı dəstəkləməsi variantlarını axtarır, bundan əvvəl Ermənistanın müdafiə naziri də eyni məqsədlə ştatlara uçmuşdu. İrəvan hərbi dəstək istəyir və bu, NATO qüvvələrinin regionda real mövcudluğu ilə ifadə edilir. Təbii ki, Rusiya buna imkan verməyəcək. Bəli, Rusiyanın diqqəti indi Ukraynaya yönəlib və bu dəqiqə Paşinyan faktiki olaraq Rusiyanı kürəyindən bıçaqlayır, həm də ən əsası, Rusiyada yaranmış tarazlığı pozmaq üçün Rusiyanın maraqlarına qarşı tamamilə alçaq hərəkət edir. İkinci Qarabağ müharibəsinin regional nəticələrini unudaraq.

Düşünürəm ki, gələcəkdə yenidən silahlı təxribatlar ola bilər. Azərbaycan isə onlara sərt cavablar verməlidir. Vəziyyət, təbii ki, təlatümlü və təhlükəlidir və Ermənistan rəhbərliyindən qeyri-adekvat və təhlükəli addımlar gözləmək olar.

- Bununla yanaşı, Azərbaycan səbirlə Ermənistanı konstruktiv olmağa çağırmaqda davam edir. Nümunə olaraq Azərbaycan xarici işlər nazirinin Baş Assambleyada Paşinyanın çıxışından sonrakı çıxışını göstərmək olar.

- Bəli, Bakı buna davam edir. Ancaq bu onlara çatmazsa, cavab vermək üçün müxtəlif variantlar ola bilər. Paşinyan Rusiya və Azərbaycan liderləri ilə imzalanmış üçtərəfli sazişləri yerinə yetirməməyi düşünsə, buna nail olmayacaq. Rusiya və Azərbaycan birgə səylərlə onu müsbət istiqamətə yönəldəcək, ona siyasi təsir göstərəcək. Yaxud da dediyim kimi, o cümlədən Azərbaycandan hərbi cavabla. Mənə elə gəlir ki, Ermənistan rəhbərliyi məhz bu variantı da yaxşı başa düşür ki, istənilən hərbi əməliyyatdan sonra güclü, effektiv hərbi cavab veriləcək.

- Bütün elan edilən tədbirlərə paralel olaraq biz Rusiya Dövlət Dumasının sədrinin Bakıya necə rəsmi səfər etdiyini gördük. Prezident Əliyevlə görüş oldu. Sizcə, görüşdə Ermənistan-Azərbaycan trasında risklərin qarşısının alınması mövzusu müzakirə olunubmu?

- Bəli, baxmayaraq ki, bu məsələ daha çox dövlət başçılarının- Putin və Əliyevin səlahiyyətindədir. Ən azından, Moskva və Bakı bir daha göstərdilər və Əliyevin dilindən kifayət qədər aydın səsləndi ki, hər iki ölkə regionu 30 illik böhrandan çıxarmaqda maraqlıdır, Rusiya və Azərbaycanın ümumi məqsədi regionda sülhdür.

Eyni zamanda, Paşinyan Fransaya uçur, məmurlar sözün əsl mənasında, sırayla Qərbə uçur, Dövlət Dumasının sədri Volodin Bakıda Azərbaycanla əlaqələrin inkişafını müzakirə edir. Və təbii ki, Cənubi Qafqazda neqativ ssenarilərin qarşısının alınması və birbaşa Ermənistana aid olan sülh gündəliyinin həyata keçirilməsi.

Volodinin səfəri zamanı fevralda iki ölkə liderləri tərəfindən imzalanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin icrasının parlament ölçüsü müzakirə olunub. Onlar Bəyannamənin imzalanmasından sonra 8-ə çatan Rusiya və Azərbaycanın “yol” xəritələrinin icrası, bununla bağlı parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər- nəhayət, iki ölkənin vitse-spikerləri də daxil olmaql parlamentlərarası komissiya yaradılacaq. Bu, Milli Məclis sədrinin ilin sonunadək həyata keçiriləcək Rusiya səfəri zamanı həyata keçiriləcək. Nəzərinizə çatdırım ki, Volodinin səfəri imzalanmış müttəfiqlik sənədinin praktiki məzmununu xatırladır, ona görə Rusiya Azərbaycanın ərazi bütövlüyünü və münasibətlərimizin geniş spektrində inkişafını nəinki tanıyır, həm də dəstəkləyir. Vyaçeslav Volodin Vladimir Putinin xoş arzularını və salamlarını Prezident Əliyevə çatdırdı və bir daha qeyd etdi ki, iki ölkə arasında münasibətlər prezidentlərin sayəsində daha da inkişaf edir. Volodinin Bakıya səfəri Rusiyanın Azərbaycanla münasibətlərin dərinləşməsinə diqqət yetirməsinin növbəti göstəricisidir. Bugünkü beynəlxalq vəziyyət fonunda bu, daha vacibdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.