"Bütün gələcək zəfərlər Azərbaycan xalqına məxsus olacaq" - SORĞU

28 Sentyabr 2022 16:23 (UTC+04:00)

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu edərək onların fikirlərini öyrənib.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni: "Azərbaycan 30 il müddətində gözlədi, ümid etdi və danışıqlar apardı. Ümid edirdik ki, bunun bir nəticəsi olacaq, dünya ictimaiyyəti buna münasibət bildirəcək və ən azından qan tökülmədən danışıqlar yolu ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanması BMT-nin qətnamələri çərçivəsində icra olunacaq. Təəssüflər olsun ki, 30 il gözləməyimizə baxmayaraq bu baş vermədi və belə ehtimallarımız da vardı ki, BMT öz qətnamələrini icra etməyib və etməyəcək.

Minsk qrupunun həmsədrləri də yalnız turist kimi gəlib-gedir və onlar da bizim başımızın altına yastıq qoyur ki, torpaqlarımızdan, bu iddiamızdan əl çəkək və ərazilərimizi geriyə istəməyək, gələcək nəsillər də gəlsin bununla barışsın. Ona görə vaxtı uzadırdılar. Ona görə bu 44 günlük Vətən savaşının müstəqil Azərbaycanın tarixində çox mühüm əhəmiyyəti var.

Şəhidlərimizin ruhu şad olsun, məkanları cənnətdir, qazilərimizə Allah şəfa versin, bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhid ailələrinin, onları yetişdirən ailələrin, anaların, ataların qarşısında baş əyirik.

Ölkə Prezidentinin bu illər ərzində apardığı milli-bəşəri və mütərəqqi siyasətin nəticəsi olaraq həm beynəlxalq əlaqələrin, həm iqtisadiyyatın inkişafında, o cümlədən beynəlxalq siyasətdə çoxşaxəli fəaliyyətin həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli danışıqların həyata keçirilməsi, üçtərəfli formatda olan ölkələrlə əməkdaşlığın gücləndirilməsi, üçtərəfli formatda ev sahibliyi edilməsi Azərbaycanın böyük uğurlarından sayıla bilər. Əlbəttə ki, hərbi strategiyanın da yüksək səviyyədə icra olunması, Azərbaycan Milli Ordusunun Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi, onun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və hər hansı bir əks-hücum əməliyyatları üçün ən yüksək silahlarla təchiz edilməsi, şəxsi heyətin Milli Ordunun xüsusi təyinatlılarından tutmuş sıravi bir əsgərinə qədər təlimatların yüksək səviyyədə aparılması, birgə hərbi təlimlərdə Azərbaycan Ordusunun qazandığı nailiyyətlər 44 günlük savaşda öz bəhrəsini verdi. Möhtəşəm Azərbaycan Əsgəri və Ordusu Azərbaycan tarixində şərəfli bir səhifə yazdı. Çox tarixi bir zəfər əldə etdik və eyni zamanda Şuşanın azad olunması hərb tarixində yeni bir səhifə oldu. Bu baxımdan yenə də şəhidlərimizin ruhu şad olsun, onların ruhları qarşısında baş əyirik və əsgərlərimiz, qəhrəmanlarımız son dərəcə böyük bir igidlik göstərdi. Bu tarixə qızıl hərflərlə yazıldı. Ona görə də bu möhtəşəm qələbə bizim qarşımızda yeni bir tarixi səhifə açdı, eyni zamanda regionda yeni bir vəziyyət yaratdı, Azərbaycan BMT-nin qətnamələrini 30 ildən sonra özü icra etməyə məcbur oldu və hərb yolu ilə Azərbaycan torpaqlarının işğalına son qoyuldu. Ermənistan silahlı qüvvələri torpaqlardan çıxarıldı və Azərbaycan öz torpaqlarını azad etdi.

Bununla yanaşı əlbəttə ki, yeni bir vəziyyət yarandı. 10 noyabr sazişi imzalandı. Sonra Şuşa bəyannaməsi imzalandı. Rusiya ilə müəyyən bir saziş imzalandı və bunlar hamısı bir yerdə əlbəttə ki, çox böyük hadisələr idi.

Eyni zamanda Ağdam, Laçın və Kəlbəcərin güllə atılmadan siyasi yolla 10 noyabr sazişində göstərildiyi kimi azad olunmasını cənab Prezident hər dəfə bunu qeyd edir ki, çox möhtəşəm bir tarixi hadisə idi. Bunun siyasi yolla həll olunması çox böyük və müdrik bir addım idi.

Bütövlükdə, görürük ki, regionda vəziyyət gərgindir. Rusiya-Ukrayna müharibəsi, İranda olan mövcud vəziyyət, bütövlükdə regionda vəziyyəti hər zaman izləməli, dəyərləndirməliyik. Təbii ki, hadisələri önləmək üçün həm siyasi, həm iqtisadi və həm də hərbi qərarlar məqamında qəbul etməliyik.

Ölkə Prezidentinin yaxşı bir sözü var ki, "Nəyi nə vaxt və necə etməyi mən bilirəm".

Təbii ki, bu günləri qarşımızda daha mühüm və daha vacib məsələlər var. Bu məsələlərlə ciddi məşğul olmalıyıq. İnanıram ki, bütün gələcək zəfərlər Azərbaycan xalqına məxsus olacaq. Allah-təala bu tarixi zəfərləri bizə çox görməsin".

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov: "44 günlük Vətən müharibəsini tək Azərbaycan üçün deyil, bütün region üçün bir dönüş nöqtəsi hesab etmək olar. Diqqət etsəz məhz 44 günlük müharibədən sonra bir sıra ölkələr öz ərazi bütövlüyünü bərpa etmək üçün qarşısına məqsəd qoydular. Bu hərb tarixində, müasir dünyada böyük marağa səbəb oldu, çünki Azərbaycan çox peşəkar bir hərbi əməliyyat apararaq torpaqları işğaldan azad etdi. Azərbaycan çox qısa zamanda ciddi hərbi uğurlara imza atdı, xalqın böyük miqyasda həmrəyliyinin şahidi olduq. Məhz 44 günlük müharibə dünyada Azərbaycana münasibəti köklü şəkildə müsbət yöndə dəyişdi. Məhz buna görə hər bir Azərbaycanlı qürurla öz ölkəsinin adını çəkir. Əlbəttə ki, bu dövlətimizin apardığı məqsədyönlü, dünyanın aparıcı ölkələri ilə qurduğu düzgün münasibət və qəhrəman Azərbaycan əsgərləri sayəsində mümkün oldu. 44 gün ərzində ölkəmizə Qərbdən, beynəlxalq təşkilatlardan ikili və ədalətsiz münasibət, qərb mediasında ikili yanaşma və təzyiqləri gördük. Lakin Azərbaycan öz haqlı davası ilə illərdir aparıcı Qərb ölkələrinin və beynəlxalq mötəbər təşkilatların həll edə bilmədiyi münaqişənin düyününü açdı və sübut etdi ki, Ermənistanı sülhə gətirmək və reallığı qəbul etdirməyin yolu güclü olmaqdır. Məhz şanlı qələbəmiz sayəsində biz tariximizin yeni mərhələsinin qalıb ölkə kimi yaşayırıq və sülh, əməkdaşlıq və inkişafı da bölgəyə məhz Azərbaycanın doğru yanaşması gətirib. Artıq Ermənistan cəmiyyəti və rəhbərliyi Azərbaycanın gücünü etiraf edib onun diktə etdiyi şərtləri qəbul etməkdədir. Məhz bunun nəticəsində Azərbaycan dövləti və xalqı özünü dünyaya sübut edə bildi. Bizim üçün 44 günlük müharibənin hər bir günü böyük bir tarixi gün və qürurlu anlardır. Vətənimizin azad olunması uğrunda canlarından keçən qəhrəmanlarımız bu şanlı tarixi öz qanları ilə yazdılar və Qarabağımızı öz sahibinə qaytardılar".

Fəlsəfə doktoru, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov: "İki il öncə Ermənistan silahlı qüvvələri tərəfindən bütün cəbhəboyu geniş miqyaslı təxribatlara cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və Şanlı Zəfərlə sona yetdi.

Azərbaycan xalqı böyük qələbəyə layiq olduğunu göstərdi. 44 gün ərzində Azərbaycanın bütün bölgələrindən, ən ucqar kəndlərindən uşaqdan ahıla qədər hamı bir nəfər kimi ordumuzun yanında olduğunu sübut etdi. Xalq Ali Baş Komandana ətrafında yumruq kimi birləşdi və nəticədə formalaşmış Dəmir yumruq düşmənin başını əzdi, düşmənə layiq olduğu yeri göstərdi.

Təsadüfi deyil ki, həmin dövrdə bütövlükdə xalq ayağa qalxdı, səfərbər oldu, insanlar könüllü olaraq orduya yazıldılar. Hətta yaşlı insanlar belə əsgərlərə dəstəyini ifadə etmək məqsədilə qan bankına gedərək könüllü olaraq qan verdilər. Yaşlı insanlar təqaüd pullarını orduya yardım fonduna keçirirdilər.

Birinci atəşkəs elan olunanda biz ziyalılar cəbhə bölgəsinə gedərək əsgər və yaralılarla görüşdük. Baxmayaraq ki, yaralı idilər, amma bildirirdilər ki, əsl döyüş havasıdır və təkid edirdilər ki, biz döyüşmək istəyirik. Bu cür səfərbər olmuş bir xalq və ordunun qarşısını əlbəttə ki, heç bir qüvvə ala bilməzdi.

Cənab Prezident o zaman mütəmadi olaraq xalqla təmasa keçir və xalqa müraciət edirdi. Prezident o zaman deyirdi ki, "Azərbaycan Ordusunun, Azərbaycan Əsgərinin qarşısını heç bir qüvvə ala bilməz". Bu belə də oldu. Heç bir qüvvə Azərbaycan əsgərinin qarşısını ala bilmədi.

Cənab Prezident qeyd edirdi ki, "Onların təmas xətti yoxdur, darmadağın olub. Azərbaycan ordusu təmas xəttini yarıb". Bu müharibə ordumuzun peşəkarlığını, ən müasir silahlardan istifadə bacarığını ortaya qoydu. Atəşkəs dövründə Ulu Öndər Heydər Əliyevin, daha sonra həmin siyasəti davam etdirən cənab Prezidentin yaratdığı ordu öz sözünü dedi. Bizim ordumuz sübut etdi ki, o dünyanın ən modern silahlara malik və ən peşəkar ordularından biridir.

Mən xatırlayıram ki, yaşlı insanlar belə cəbhəyə dəstəyini ifadə etmək üçün təqaüdlərini orduya köçürürdülər. Vətəndaş olaraq o zaman biz orduya dəstək məqsədilə vəsaitləri toplayıb banka köçürürdük və bu yolla dəstəyimizi ifadə edirdik.

İnformasiya savaşında da eyni zamanda Azərbaycan Prezidenti bir daha öz sözünü dedi. Dünyanın üzərimizə gəldiyi həmin o dövrdə cənab Prezident dünyanın aparıcı mətbu orqanlarının nümayəndələrini qəbul edirdi, onlarla birbaşa təmasa keçirdi, onların suallarını cavablandırırdı, onlara öz sözünü deyirdi. Əlbəttə ki, o günlər ağır günlər idi. Amma həm də xalqımızın qürur günləridir, qəhrəmanlıq salnaməsinin yaratdığı növbəti bir mərhələ idi. Hamı cənab Prezidentin tvitlərini və xalqa müraciətlərini səbirsizliklə gözləyirdi. Bu xəbərləri ilk olaraq Ali Baş Komandan özü verirdi.

Bu gün Azərbaycanda yetişən yeni nəsil Qarabağ uğrunda, torpaq uğrunda vuruşdu. Heç zaman o torpaqlara ayağı dəyməyən gənclərimiz canlarından keçdilər, canlarını vətən yolunda fəda etdilər.

Ulu Öndər Azərbaycanda gənclər siyasətini formalaşdırarkən çox vacib istiqamətlər müəyyənləşdirdi. "Azərbaycan gənci savadlı olmalıdır, Azərbaycan gəncliyi vətənpərvər olmalıdır, milli dəyərlərə malik olmalıdır".

Biz gördük ki, bizim gənclər nə qədər milli, vətənpərvər, xalqa, vətənə bağlı ruhda böyüyüblər. Təsadüfi deyil ki, bir dəfə o torpaqlara ayağı dəyməmiş gənclər belə o torpaqları canlarından artıq sevdiyini sübut etdilər. Düşmən həqiqətən də şokda idi. Düşmən ölkənin əsgəri əlbəttə ki, Azərbaycan bu cür qəhrəman əsgərin qarşısında dayana bilməzdi.

Azərbaycan xalqının bu qəhrəmanlığı və vətənə bağlılığı dünya xalqları içərisində yeni təsəvvürlər formalaşdırdı. Azərbaycan artıq sözünü demiş, öz torpaqları uğrunda heç nəyə güzəştə getməyən bir xalq obrazını bir daha formalaşdırmış oldu".

JEM sədri Ceyhun Musaoğlu: "44 günlük Vətən müharibəsi haqqında nə qədər danışsaq azdır. Azərbaycan heç kimin ərazisinə göz dikməyib. Amma 44 gün ərzində 28 illik işğala qalib gəlmək fenomen hadisədir. Bu layihənin rəhbəri olan cənab Prezident İlham Əliyevi təbrik edirik. Anım Günü olmağına baxmayaraq bu həm də qürur günüdür.

Bütövlükdə bu hadisəyə qiymət verərkən ona yalnız tarixi, siyasi, regional, yaxud hərbi aspektdən yanaşmaq azdır. Düşünürəm ki, bunların hər biri istiqamətində 44 günlük Vətən müharibəsi ilə bağlı bir layihə həyata keçirilməlidir. Bu layihənin məğzi bundan ibarət olmalıdır ki, 44 günlük Vətən müharibəsi bütün istiqamətlərdə analiz olunur. Bunlar hamısı ayrı komissiyalar şəklində təhlil olunmalı və böyük beyin mərkəzləri yaranmalıdır.

Mən, qalibləri təbrik edir, qazilərin sağalmasını arzulayır və şəhidlərin qarşısında baş əyirəm. Şəhid ailələri seçilmiş və əbədiyyət qazanmış ailələrdir. Biz onların həmişə qulluğundayıq və onlara həmişə borcluyuq. Allah xalqımızın başını hər zaman uca etsin! Biz sülh və regionda sakitçitlik istəyirik. Bunun üçün də cənab Prezident bütün addımları atır".

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: "44 günlük qəhrəmanlıq savaşımız haqqında çox danışmaq olar. Çünki biz Müzəffər Ordumuzun erməni qəsbkarlarının hücumlarına cavab olaraq başladığı Vətən müharibəsinin şahidləriyik.

Erməni işğalçılarına qarşı apardığımız Vətən müharibəsi milli birliyimizin təcəssümünə çevrildi. Azərbaycanın igid, vətənpərvər oğulları bir daha sübut etdi ki, Vətən uğrunda canlarından keçməyə, Ali Baş Komandanımızın rəhbərliyi ilə düşməni məhv etməyə, illərlə həsrət qaldığımız torpaqları mənfur düşmənlərdən azad etməyə qadirdir.

44 gün ərzində torpaqlarımız qarış-qarış azad edildi, yenidən doğma torpaqlarımızda şanlı bayrağımız ucaldıldı. Bir sözlə 44 günlük müharibə bizim qürur mənbəyimizdir. Bu hissləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, Şanlı Ordumuza, Vətən uğrunda canlarından keçən şəhidlərimizə və qazilərimizə borcluyuq".

Ayşən Vəli