Mədəniyyət Nazirliyinin əməkdaşları şəhidlərimizin xatirəsini yad ediblər

27 Sentyabr 2022 17:53 (UTC+04:00)

Müasir tariximizə qızıl hərflərlə yazılan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin ikinci ildönümü tamam oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızı azadlığı üçün haqq mübarizəsinə başlayıb.

Cəmi 44 gün ərzində Vətən oğullarının misli görünməmiş fədakarlığı və şücaəti ilə otuzillik işğal başa çatdırılıb, Qarabağ və Şərqi Zəngəzur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri düşməndən azad olunub. Ordumuz düşmən üzərində parlaq Qələbə çalıb, xalqımıza əbədi Zəfər ruhu bəxş olunub. Millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Sentyabrın 27-də bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildirdilər.

Daha sonra İkinci Fəxri xiyaban ziyarət olundu. Şəhidlərimizin əziz xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.

***
Şəhidlər xiyabanında jurnalistlərə açıqlama verən Elnur Əliyev qeyd etdi ki, millət olaraq həmişə şəhidlərimizin xatirəsini uca tutmalıyıq. Onların bu yolu seçib şəhid olmaq kimi ali məramlarını dərk etməliyik: “Bu gün xalqı olaraq hamımız eyni hissləri keçiririk. Öz mədəniyyətimizə, tariximizə sahib çıxırıq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”.