"Biz bir olanda istənilən tarixi missiyanı yerinə yetirməyə hazırıq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

27 Sentyabr 2022 17:25 (UTC+04:00)

"Sentyabr ayının 27-də, yəni Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edib. Bu səfərin çox böyük mənası və əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev səfər çərçivəsində Qaraxanbəyli kəndində çıxış etdi: "O, çıxışında bir daha vurğuladı ki, "Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir, Allah bütün şəhidlərimizə rəhmət eləsin və biz şəhidlərimizin qanını yerdə qoymadıq. Döyüş meydanında qisasımızı aldıq, doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".

Qaraxanbəyli kəndi yaxınlığında cənab Prezident anım gününə həsr olunmuş xatirə lövhəsi önünə gül dəstəsi qoydu və qeyd etdi ki, "Qaraxanbəyli kəndi və digər 5 kənd Vətən müharibəsinin ilk günündə azad edilmişdir. Düşmən bu kəndlərdə 5-6 müdafiə xətti yaradıb və bizim Şanlı Ordumuz bütün bu müdafiə xətlərini, istehkamlarını darmadağın etdi. 44 günlük Vətən müharibəsində 300-ə yaxın şəhər və kəndləri düşməndən azad etməyi bacardı. Bununla da ərazi bütövlüyümüz bərpa edildi və həm də ki tarixi zəfərə imza atdıq və tarixi ədaləti bərpa etdik".

Deputat sözlərinə belə davam edib: "Cənab Prezident çox böyük mənası olan aşağıdakı sözləri səsləndirdi və dedi ki, "Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacağıq.

Cənab Prezident vurğuladı ki, "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, bu ərazi bütövlüyümüzün keşiyində əbədi dayanacağıq. Qoymayacağıq ki, düşmən bir daha başını qaldırsın, qoymayacağıq ki, düşmən bir daha bizim üçün təhdid yaratsın".

Həqiqətən də cənab Prezidentin bu söylədikləri bir daha onu göstərir ki, bu günləri Azərbaycan ordusu, Azərbaycan xalqı və Ali Baş Komandan bir yerdədir. Biz birlikdə güclüyük və biz birlikdə tarixi zəfərə imza atmışıq və qarşıda bizi postmüharibə dövrünün həllini gözləyən irimiqyaslı layihələr var və onları da biz icra edirik, kəndlərimizi, şəhərlərimizi bərpa edirik və düşmən nə qədər mane olmağa çalışsa da tariximizin də inkişaf yolu var. Bu inkişaf yolu elə Azərbaycanın inkişaf yolu ilə üst-üstə düşür. Bizi qarşıda yeni, daha böyük zəfərlər gözləyir. Bir daha qeyd edirəm ki, bu zəfərləri şərtləndirən ən mühüm amil bizim xalqımızın, Prezidentimizin, Ordumuzun birliyidir. Biz bir olanda istənilən tarixi missiyanı yerinə yetirməyə hazırıq və Cənab Prezidentin Füzuli rayonuna səfəri ilə bu səfər çərçivəsində səsləndirdiyi fikirlər, söylədiyi mülahizələr və ifadə etdiyi mesajlar bu qənaətə gəlməyə əsas verir".

Ayşən Vəli