Vətən uğrunda canlarından keçmiş, şəhid olmuş əsgərlərimizin, zabitlərimizin xatirəsi əziz tutulur, xalqımız və dövlətimiz tərəfindən dərin hörmətlə anılır. Məhz 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsinin fəlsəfəsi də budur. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin bu günün, 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın da bu baxımdan əhəmiyyəti olduqca böyükdür.
Xalqımız bu zamana qədər vətən uğrunda həlak olan bütün şəhidlərini daim dərin hörmətlə yad edib və yenə də bu ənənə davam edir, çünki şəhirlərimizin xatirəsi unudulmazdır, hörmətlə anılmalıdır da. Şəhidlər xiyabanında vətəndaşlarımızın necə böyük hörmətlə toplaşdıqları, şəhidlərimizi unutmadıqları, hansı ehtiramla yad etdikləri, andıqları bizə məlum olmaqla yanaşı, bütün dünyaya da əyandır. Dünya ictimaiyyəti xalqımızın öz şəhidinə necə böyük hörmət və ehtiram bəslədiyini görür və bu danılmazdır. Danılmazdır ki, Azərbaycan xalqı öz şəhidini daim uca tutub, uca tutur və bundan sonra da uca tutacaq və bu zirvəyə, şəhidlik zirvəsinə ucalanlar daim hörmət və ehtiramla anılacaq.
Etiraf edək ki, bu zamana qədər xalqımız şəhidlər xiyabanını tamamilə başqa ab-havada, tamamilə başqa əhval-ruhiyyədə ziyarət edirdisə, indi, qələbə əldə etdiyimizdən sonra, Zəfər qazandığımızdan sonra tamamilə fərqli, daha böyük qürur hissi ilə, qalib xalq olaraq ziyarət edir. Ötən əsrin sonlarında, ikinci dəfə dövlət müstəqilliyini əldə edən, elə bu ərəfədə də tarixinin ən çətin sınaqları ilə üz-üzə qalan Azərbaycan xalqı Qarabağ və ətraf rayonların işğalı nəticəsində on minlərlə şəhid verdisə də, artıq Zəfər qazanması, torpaqlarını işğaldan azad etməsi, düşməni məğlub etməsi ilə onların qisasını da almış oldu. Anım Gününün fəlsəfəsi dedikdə, məhz xalqımızın başına gələnləri, qələbə uğrunda mübarizəsini, xüsusən də Zəfər salnaməsini anmaq, unutmamaq, nəsildən-nəsilə ötürmək, yaddaşlarda yaşatmaq başa düşülür.
Həqiqətən də özünün son iki yüz illik tarixində ilk dəfə qazandığı qələbəsini, əldə etdiyi Zəfəri Azərbaycan xalqı unutmayacaq, hər an, xüsusilə də hər il 27 sentyabr tarixində böyük coşqu ilə anacaq. Torpaqlarımızın növbəti dəfə işğalına can atan erməni separatçılarına cavab olaraq, Azərbaycan xalqının bir yumruq şəklində birləşməsi, dəmir yumruğa çevrilməsi sözün əsl mənasında qürur duyulacaq bir məqamdır və bunu unutmamaq, birliyimizin, həmrəyliyimizin necə böyük qüvvə olduğunu, bizi qələbələrə apardığını daim anmaq lazımdır və hər il Anım Günü bu həqiqətin hamı tərəfindən anıldığı gündür.
Əlbəttə ki, ölkə rəhbərimizin, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, liderliyi, xalqımızın birliyi, Azərbaycan Ordusunun şücaəti qarşısında tab gətirməyən düşmən şər maşınını işə salsa da bu, məntiqi nəticəyə, qələbəmizə mənfi təsir edə bilmədi. Dünyanın inkişaf etmiş, qabaqcıl dövlətlərinin rəhbərləri Ali Baş Komandana zəng edərək müharibənin dayandırılması barədə söz açsalar da, ölkə rəhbərimizin qətiyyəti ilə üzləşməli oldular və onlar qarşılarında Azərbaycan xalqına, Azərbaycan Ordusuna arxalanan, güvənən dövlət başçısını gördükdə, bildilər ki, qazanacağımız Zəfər Günü uzaqda deyil. Belə də oldu, ən tez zamanda Zəfər qazandıq və indi qazandığımız bu Zəfərin hansı yoldan keçdiyini də anırıq və bu baxımdan da cəsarətlə deyə bilərik ki, Anım Günü bizim fəxarət günümüz, qürur günümüzdür.
Azərbaycan öz həqiqətlərini, haqlı mövqeyini növbəti dəfə sübut etdi və 27 sentyabr tarixindən başlayaraq, 30 ilə yaxın müddətdə bütün dünyanın icra edə bilmədiyi BMT-nin məlum dörd qətnaməsinin icrasını öz üzərinə götürdü və bunun öhdəsindən ən qısa zamanda, 44 gün müddətində gəldi. Terrrçuların, separatçıların, işğalçıların torpaqlarımızdan qovulması istiqamətində Azərbaycanın reallaşdırdığı hərbi əməliyyatlar bütün dünyanın marağına səbəb oldu və ölkəmizin apardığı hərbi əməliyyatlar bu gün dünyanın tanınmış, məşhur hərbi məktəblərində öyrənilir, eləcə də təlim edilir. Çünki Azərbaycan Ordusu öz şücaəti, öz bacarığı ilə dastan yazdı və yağı düşmənə hərb sənətində dərs keçdi. Qarabağın hər qarışının erməni işğalından azad edilməsi uğrunda rəşadətlə vuruşan Azərbaycan əsgəri xüsusilə, Şuşanın azad edilməsində qəhrəmanlıq salnaməsi yaratdı. Qayalara qartallar kimi qalxan Azərbaycan oğulları yurumuzu işğal altında saxlayan yağılara mərdliyin, kişiliyin nədən ibarət olduğunu göstərdilər. Şuşanın işğaldan azad olunması zamanı Azərbaycan oğulları düşmən üstünə aslanlar kimi atıldılar və ermənilərə bundan sonra unutmayacaqları şok yaşatdılar, hansıki bunu hər zaman anmaq, unutmamaq gərəkir. Biz, Anım Günündə, təkcə Vətən uğrunda savaş zamanı canını fəda edən şəhidlərimizi deyil, torpaqlarımızın hər qarışı uğrunda canından keçməyə hazır olaraq, düşmən üzərində qartallar kimi şığıyan vətən oğullarının fədakarlığını, mərdliyini, qorxmazlığını da anırıq. Anırıq və yaddaşlarda yaşadırıq ki, bundan sonra gələn nəsillərə örnək olsun və onlar da Vətənə sədaqətli, qorxmaz, cəsur qoç igidlər kimi yetişsinlər.
Bəli, 27 senytabr tarixindən başlayaraq, cəmi 44 gün ərzində Azərbaycan hərb meydanında saysız-hesabsız mərdlik nümunələri göstərdi. Bütün bunlar Azərbaycanın həm hərbi gücünü, həm də potensialını göstərən həqiqətlər olaraq bütün dünyada qəbul olundu. Hazırda dünyada olduqca mürəkkəb proseslərin getdiyi, yeni dünya nizamının formalaşdığı bir zamanda əlbəttə ki, yeni qurulan təhlükəsizlik sistemində Azərbaycanın dövlət və milli maraqlarının qorunması üçün ən yüksək standartlara cavab verən ordusunun, inkişaf etmiş iqtisadiyyatının, milli birliyinin olması olduqca vacibdir. Ölkəmiz bu vacib olana da sahib olduğunu məhz 44 günlük müharibə zamanı təsdiq etdi və bunu da hər an, ələlxüsus hər il Anım Günündə yada salmaq, bütün dünyaya xatırlatmaq gərəkir, çünki hələ də Azərbaycanın uğurlarına, qələbələrinə görə yuxusu ərşə çəkilənlər var və Zəfərimizi həzm etməyənlərin bərədə, pusquda durduqları heç kim üçün sirr deyil. Sirr deyil ki, Cənubi Qafqazda gərginliyin saxlanılmasında Ermənistanla yanaşı, kifayət qədər xarici qüvvələr də var və onlar Azərbaycanın yaratdığı reallıqları, bölgədə təhlükəsizlik mühitini öz geosiyasi maraqları üçün təhlükə olaraq görürlər və məhz bu baxımdan da biz xalq, dövlət olaraq, hər an xarici təhdidlərə hazır olmalı, artıq özünü hərb meydanlarında, diplomatik masada təsdiq etmiş cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməliyik ki, daim qələbələrə imza ataq və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçən vətən övladlarının da ruhu şad olsun.